Bakı. 11 noyabr. REPORT.AZ/ Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.
"Report" Nazirliyə istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.
Bu ilin noyabr ayı ərzində Bakı şəhərində və regionda yerləşən aşağıda adları qeyd olunan 5 mehmanxanaya (“Staybridge Suites Baku” – 4 ulduz superior, “Neapol” – 4 ulduz, “Baku İnn Hotel” – 4 ulduz, “Xan Lənkəran” – 4 ulduz, “Manor” – 3 ulduz) AZS 745-2015 dövlət standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib.
Qeyd edək ki, bununla da ölkə ərazisində təsnifatdan keçən mehmanxa və mehmanxana tipli obyektlərin sayı 121-ə çatıb.