Azərbaycanda aqro və qastro turizm üzrə “Slou Fud” layihəsi başa çatıb

Azərbaycanda aqro və qastro turizm üzrə “Slou Fud” layihəsi başa çatıb “Azərbaycan “Slou Fud” turizm modelinin inkişafı üçün geniş imkanlara malikdir".
Turizm
125
9 Dekabr , 2021 14:33
Azərbaycanda aqro və qastro turizm üzrə “Slou Fud” layihəsi başa çatıb

“Azərbaycan “Slou Fud” turizm modelinin inkişafı üçün geniş imkanlara malikdir".

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi (DTA) yanında Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid aqro və qastro turizm üzrə “Slou Fud” layihəsinin başa çatmasına həsr olunmuş tədbirdə çıxış edərkən qeyd edib.

Bu gün Şəkidə baş tutmuş tədbirdə “Slou Fud” turizm modelinin əsas prinsipləri, qastronomik turizmin təşviqi, yerli biomüxtəlifliyin qorunması və kənd icmalarının formalaşdırılması baxımından “COVCHEG” layihəsinin əhəmiyyəti haqqında məlumat verilib.

3 il davam edən “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi" (COVCHEG) layihəsinin yekununa dair keçirilən tədbirdə DTA, ATB, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbər şəxsləri, eləcə də Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxdan olan “Slou Fud” icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən DTA-nın sədrinin müşaviri Kənan Quluzadə layihənin Azərbaycan üçün iki vacib sahə sayılan turizm və kənd təsərrüfatını birləşdirdiyini və regionlarda aqroturizmin inkişafına töhfə verdiyini, yerli adət-ənənələr, milli mədəni irs, yerli mədəniyyətlərin qorunması baxımından vacib olduğunu diqqətə çatdırıb.

F.Zenqstşmid isə çıxışında Azərbaycanın “Slou Fud” sahəsində dünya miqyasında tanınması üçün gözəl təbiətə, əlverişli iqlimə və təbii yerli qida məhsullarına sahib olduğunu deyib. Baş icraçı direktor gələcəkdə layihənin Azərbaycanın digər ərazilərini də əhatə etməsinin istisna olmadığını bildirib.

“COVCHEG” layihəsinin Azərbaycanda kənd icmalarının iqtisadi inkişafına və məşğulluğun artmasına xidmət etdiyini deyən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq Şöbəsinin Rəhbəri Viktor Bojkov bu modelin yerli qastronomiya və aqrobiomüxtəlifliyin qorunması baxımından uğurlu bir yanaşma olduğunu, qastronomik turizmi təşviq etdiyini vurğulayıb.

Tədbir çərçivəsində “Slou Fud” icmasının fəaliyyətini genişləndirmək məqsədilə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi tərəfindən 4 icma nümayəndəsinə xüsusi avadanlıqlar da təqdim edilib.

Aİ-nın maliyyə dəstəyi ilə yaradılan "COVCHEG" layihəsini Beynəlxalq Slou Fud Assosiasiyası və ATB həyata keçirib. Layihənin məqsədi kənd yerlərinin balanslı inkişafına dəstək olmaq, dayanıqlı qida sisteminə töhfə vermək, yerli və regional qida zəncirlərini, həmçinin Slou Fud Səyahət proqramı modellərini təbliğ etməkdir. Layihə Şəki-Zaqatala və Dağlıq-Şirvan iqtisadi regionuna daxil olan 5 rayonu – Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə edib.

“Slou Fud” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.

Son xəbərlər

Orphus sistemi