Azərbaycana turist axını 9 %-dən çox azalıb
- 25 avqust, 2026
- 10:01
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 191 ölkədən 1 milyon 342,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 28,3 %-i Rusiya, 20 %-i Türkiyə, 7,9 %-i İran, 4,7 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, hər birindən 3,2 % olmaqla Özbəkistan və Pakistan, 3,1 %-i İsrail, 2,6 %-i Hindistan, 2,5 %-i Çin, 2,3 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, 1,1 %-i Almaniya, 1 %-i Böyük Britaniya, 12,6 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. 67,4 %-ni kişilər, 32,6 %-ni qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8 % artaraq 65,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,6 % artaraq 531,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 32,8 % azalaraq 159,5 min nəfər, digər ölkələrdən gələnlərin sayı 10,8 % azalaraq 585,9 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,4 %-i hava, 26,2 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə 2,4 % azalaraq 1 milyon 160,1 min nəfər olub. Vətəndaşlarımızın 42,7 %-i Türkiyəyə (illik müqayisədə 2,7 % çox), 15,9 %-i Rusiyaya (1,3 % az), 12,4 %-i Gürcüstana (8 % çox), 5,8 %-i İrana (36,3 % az), 23,2 %-i isə digər ölkələrə (4,1 % az) gedib. Gedənlərin 65,1 %-ni kişilər, 34,9 %-ni qadınlar təşkil edib.
7 ayda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 70,4 %-i hava, 27,6 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib.