Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min və ya 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
“Report” bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 28%-i Gürcüstan, 27,4%-i Rusiya, 11,3%-i Türkiyə, 9,2%-i İran, 3,5%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,8%-i Ukrayna, 1,7%-i Hindistan, 1,4%-i İraq, 15,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 70,1%-ni kişilər, 29,9%-ni isə qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gələnlərin sayında daha çox azalma Qətər (48,5%), İran (43,4%), İsrail (41,7%), BƏƏ (28,1%) və İraq (24,8%) vətəndaşları arasında qeydə alınıb.
Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,8 dəfə, Türkmənistandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Çindən - 46,1%, Yaponiyadan - 32,5%, Gürcüstandan - 22,9%, Omandan - 17,4% artıb.
2019-cu ilin yanvar-mart aylarında
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64%-i dəmir yolu və avtomobil, 35,2%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,9% artaraq 1 215,7 min nəfər olub. Gedənlərin 66,5%-ni kişilər, 33,5%-ni qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 84,2%, Gürcüstana gedənlərin sayı 12,7%, Rusiyaya gedənlərin sayı 7,4%, Türkiyəyə gedənlərin sayı isə 3% artıb.
Cari ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83,6%-i dəmir yolu və avtomobil, 15,6%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.