Bu ilin yanvar-may aylarında Azərbaycana 157 ölkədən 468,1 min və yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumata görə, gələnlərin 24,8 %-i Türkiyə, 24,7 %-i Rusiya, 13,8 %-i İran, 5,6 %-i Gürcüstan, 3,7 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7 %-i Ukrayna, hər birindən 2,4 % olmaqla Hindistan və Pakistan, 1,7 %-i Qazaxıstan, 1,3 %-i Küveyt, 1,2 %-i Böyük Britaniya, 12,9 %-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 79,7 %-ni kişilər, 20,3 %ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 505,9 dəfə, Səudiyyə Ərəbistanından 198,2 dəfə, Küveytdən 172,8 dəfə, Bəhreyndən 70,8 dəfə, BƏƏ-dən 69,5 dəfə, Pakistandan 44,0 dəfə, Hindistandan 26,5 dəfə, İsraildən 9,1 dəfə, ABŞ-dan 6 dəfə, Qazaxıstandan 5 dəfə, Almaniyadan 3,5 dəfə, Fransadan 3,3 dəfə, Ukraynadan 2,2 dəfə, Böyük Britaniyadan 2,1 dəfə, Türkiyədən 2,1 dəfə, İrandan 1,8 dəfə, Rusiyadan 1,6 dəfə, Gürcüstandan 17,7 % artıb.
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,9 dəfə artaraq 107,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə artaraq 22,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 149,7 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 54 %-i hava, 44,2 %-i dəmir yolu və avtomobil, 1,8 %-i isə dəniz nəqliyyatından istifadə edib.