Azərbaycana gələn turistlərin 90 %-dən çoxu göstərilən xidmətlərdən razı qalıb
- 16 noyabr, 2026
- 15:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş 1 milyon 74 min 246 nəfərdən 975 min 838 nəfəri (90,8 %) ölkədə onlara göstərilən xidmətlərdən razı qaldığını bildirib.
"Report" Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,3 % az olub.
Xidmətlərdən ən çox məmnun olan turistlər Rusiyadan gələnlər olub - 304 min 95 nəfər. Lakin bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 % azalıb.
Türkiyədən gələn məmnun turistlərin sayı 127 min 371 nəfər təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3 % azdır.
Qazaxıstandan gələn və xidmətlərdən razı qalan turistlər isə 52 min 737 nəfərdir və bu da illik müqayisədə 7,1 % azdır.
Bundan əlavə, 98 min 408 nəfər turist xidmətlərdən narazı qaldığını ifadə edib. Bu rəqəm əvvəlki illə müqayisədə 29,8 % azdır.
Narazı turistlərin ölkələr üzrə paylanmasına nəzər saldıqda, birinci yeri yenə Rusiya tutub – 29 min 633 nəfər. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % azalıb.
Narazılıq bildirən turistlər sırasında Türkiyədən gələnlərin sayı 27,7 % düşərək 12 min 832 nəfərə, Qazaxıstandan gələnlərin sayı isə 34,5 % azalaraq 5 001 nəfərə enib.
Azərbaycana səfər edən turistlər ən çox digər kateqoriyaya aid xidmətlərdən narazı olublar. Bu sahə ilə əlaqədar 19 min 381 turist narazılığını qeyd edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % azdır.
Taksi xidmətindən 16 min 447 nəfər narazılıq bildirib ki, bu da illik müqayisədə 22,7 % azalma deməkdir.
Avtobusla sərnişindaşımadan 16 min 318 turist narazı qalıb və bu rəqəm əvvəlki illə müqayisədə 43,3 % aşağı olub.
İctimai iaşə (qida) xidmətləri ilə bağlı 15 min 960 nəfər narazılığını ifadə edib. Bu da bir il əvvəllə müqayisədə 35,3 % azalma deməkdir.
Yerləşmə xidmətlərindən narazı qalanların sayı isə 11 min 51 nəfər təşkil edib ki, bu da illik müqayisədə 15,8 % az olub.
Bələdçi xidmətlərindən 10 min 132 nəfər turist narazılığını bildirib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 % azalıb.
Metro ilə sərnişindaşıma xidmətindən 6 min 889 turist (-37,3 %), turagentlərin (turoperatorların) xidmətlərindən isə 2 min 230 turist (-61,2 %) narazı qalıb.
Qeyd olunmalıdır ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycana turizm məqsədilə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə cəmi 2 milyard 193 milyon 511,7 min manat xərclə üzləşiblər. Bu məbləğ 2025-ci ilin eyni dövrünə nisbətən 322 milyon 701,3 min manat və ya 12,8 % az olub.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 9 ayda nəqliyyata 973 milyon 50,9 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 181 milyon 101,1 min manat və ya 15,6 % azdır.
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 20,7 % və ya 106 milyon 362,1 min manat azalaraq 405 milyon 370,7 min manat olub.
Turistlər qidalanmaya 407 milyon 201,8 min manat xərcləyib ki, bu da bir il əvvələ nisbətən 63 milyon 12 min manat və ya 13,4 % azdır.
9 aylıq dövrdə Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.