Yaponiya Azərbaycanı paytaxt Tokioda keçiriləcək “JATA WTF-2022” beynəlxalq turizm sərgisində iştirak etməyə dəvət edib.
"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu məsələ qurumun sədri Fuad Nağıyevin Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi ilə keçirdiyi görüşdə müzakirə olunub. Tərəflər turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri haqqında müzakirələr aparılıb. F.Nağıyev turizm əlaqələrinin inkişaf etdirilməsinin, postpandemiya dövründə turizmin bərpası istiqamətində fəaliyyətlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib. O, səfirə işğaldan azad olunan ərazilərin yeni turizm destinasiyası kimi formalaşması istiqamətində görülən işlər haqqında məlumat verib.
Yapon turistlərin Azərbaycana marağının yüksək olduğunu deyən V.Cüniç iki ölkə arasında birbaşa aviauşuşların yaradılmasının, səyahət agentlikləri üçün qarşılıqlı tanışlıq turlarının və B2B (Biznesdən biznesə) tədbirlərin keçirilməsinin önəmi haqqında danışıb. O, “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi”nin yaponiyalı turistlər üçün məqsədəuyğun olduğunu və layihənin regiona səfərlərin artmasına töhfə verə biləcəyini bildirib. Səfir yapon turistlər arasında Azərbaycanın turizm potensialının tanıdılması üçün ölkəmizi “JATA WTF-2022” sərgisinə dəvət edib.