Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Yaponiyada işgüzar səfərdə olan "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov iki ölkənin turizm təşkilatları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı əlaqələrin inkişafı məsələlərinin müzakirəsi ilə bağlı bir sıra görüşlər keçirib.
"Report" Assosiasiyaya istinadən xəbər verir ki, görüşlərdə Yaponiyanın turizm şirkətlərinə və turoperatorlara qurumun fəaliyyət istiqamətləri, üzvləri, Azərbaycanın turizm potensialı və turizm məhsulları haqqında məlumat verilib.
Görüş çərçivəsində həmçinin yerli turoperatorlar və turagentlər arasında qarşılıqlı turizm məhsullarının təşviqi, təcrübə mübadiləsinin aparılması, tanıtım məqsədli birgə infoturların təşkili, eləcə də turizm agentlikləri və turoperatorlar arasında kommunikasiya əlaqələrinin gücləndirilməsi, turist cəlbediciliynin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.