Bakıda sağlamlıq turizmi nümayəndələri ilə Türkiyənin Trabzon bölgəsinin Ticarət və Sənaye Palatası (TTSO) arasında iki ölkənin sağlamlıq turizmində tərəfdaşlıq planları müzakirə olunub.
“Report” xəbər verir ki, bu barədə TTSO məlumat yayıb.
Bildirilib ki, ikitərəfli işgüzar danışıqlar Türkiyə səhiyyəsi üçün çox məhsuldar olub.
"Palatanın həyata keçirdiyi Trabzon Sağlamlıq Turizmi Layihəsi çərçivəsində Azərbaycanla təmasdayıq. Eyni zamanda, Gürcüstan da sektorda ən mühüm hədəf bazarıdır. Trabzondan Bakıya birbaşa uçuşların olması böyük üstünlükdür. Eyni şəkildə Tbilisiyə birbaşa uçuşların təşkil edilməsi ilə bağlı danışıqlarımız davam edir. Azərbaycanda ikitərəfli işgüzar danışıqlar səhiyyəmiz üçün çox məhsuldar oldu. Dost və qardaş ölkə ilə sağlamlıq turizmində mühüm işlər görəcəyimizə və tərəfdaşlıq edəcəyimizə inanırıq”, - deyə açıqlamada qeyd olunub.