"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyi yay mövsümündə səyahətlərin intensivləşməsi ilə əlaqədar vətəndaşlara müraciət edib.
"Report"un məlumatına görə, qurum xüsusən xarici ölkələrə istirahət məqsədli səfərlərin təşkili zamanı bir sıra hallarda müştəri və turizm şirkəti arasında müəyyən problemlərin və narazılıqların yaşanması risklərinin artmasını nəzərə alaraq vətəndaşları diqqətli olmağa çağırıb.
"Əsas problemlər sırasında - şirkətlərin müştəriləri qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməməsi, müəyyən ödəniş əsasında təklif etdikləri xidmətlərin lazımi səviyyədə olmaması və müştərilərin aldadılması kimi məsələlərə daha çox rast gəlinməsi öncədən ehtiyat tədbirlərinin görülməsini önə çıxarır.
Əvvəlki illərə nəzər yetirdikdə təəssüf ki, baş vermiş bu cür hallar nəticəsində vətəndaşların istirahətlərinin ya baş tutmaması, ya da gözləntilərinin qarşılanmaması, bəzi hallarda isə məsələnin hüquq-mühafizə orqanlarına və məhkəmələrə qədər çıxması müşahidə olunub.
Bu cür halların baş verməməsi üçün ATAA olaraq xarici ölkələrə istər fərdi, istərsə də ailə və ya qrup şəklində səyahət etməyi nəzərdə tutan vətəndaşları turizm şirkətlərinin xidmətlərindən yararlanarkən daha diqqətli olmağa və ehtiyatlı davranmağa çağırırıq.
Bununla yanaşı, vətəndaşlara turpaketlər alarkən və ya turizm şirkətinin xidmətlərindən yaralanarkən turizm bazarında keyfiyyət standartlarına cavab verən, Assosiasiyada qeydiyyatda olan və ən əsası Turizm Reyestrindən keçmiş turagentlərə üz tutmağı tövsiyə edirik.
Eyni zamanda vətəndaşlara turizm şirkətlərinin xidmətlərindən istifadə edərkən mütləq şəkildə müqavilə əsasında əməkdaşlıq etməyi tövsiyə edirik. Tərəflər arasında imzalanan müqavilə yaşanan hər hansı bir problemin hüquq müstəvisində həlli üçün əsas vasitədir.
Hazırda Assosiasiyanın Turizm Reyestrindən keçən 120 üzvü mövcuddur.
Vətəndaşlar qeyd olunmuş meyarlara cavab verən turizm şirkətlərinin xidmətlərindən istifadə etməklə yay mövsümündə daha çox müşahidə olunan vətəndaşla turizm şirkəti arasında yaşanan problemlərdən, narazılıqlardan və aldadılmalardan sığortalanmış ola bilərlər", - deyə açıqlamada qeyd olunub.
Assosiasiya həmçinin turizm bazarında fəaliyyət göstərən şirkətləri Turizm Reyestrindən keçməyə çağırıb.