​Azərbaycan turistləri kütləvi şəkildə Fransa turpaketlərindən imtina edir

​Azərbaycan turistləri kütləvi şəkildə Fransa turpaketlərindən imtina edir Monitorinq: Müştərilər bron etdiyi sifarişləri turoperatorlara qaytarır
Turizm
19 Noyabr , 2015 17:07
​Azərbaycan turistləri kütləvi şəkildə Fransa turpaketlərindən imtina edir

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin Fransaya təşkil etdiyi turpaketlərə tələbat kəskin azalıb. Buna səbəb isə bu yaxınlarda Parisdə törədilən terror aktları olub.

"Report"un mövzu ilə bağlı turizm şirkətləri arasında keçirdiyi sorğunun nəticəsində məlum olub ki, bir çox yerli turoperatorlar qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar bu istiqamətdə turların təşkilindən imtina edib. Bu turpaketləri satan şirkətlərdə isə müştərilərin əvvəlki sifarişdən kütləvi imtinası halları müşahidə olunur.

"Millennium Tourism and Congress DMC" şirkətindən bildirilib ki, müştərilərin Fransa turlarından imtina etməsi bu yaxınlarda Parisdə baş verən terror aktları ilə bağlıdır: "Şirkətimiz tərəfindən terror aktı baş verməmişdən əvvəl ay ərzində Fransaya 10-a yaxın turpaket satılırdı. Amma məlum hadisə baş verəndən sonra bu istiqamətə bilet sifarişi heçə enib".

"OK Tours" şirkətində də müştərilər Fransaya bron edilən turpaketləri geri qaytarır: "Bu ay Fransaya səfərə hazırlaşan 7 nəfərdən ibarət iki ailə biletdən imtina edib. Səbəb isə həmin ölkədə baş verən terror aktlarıdır. Turdan imtina edən sərnişinlərimiz hazırda bu ölkədə özlərini güvəndə hiss etməyəcəklərini düşünürlər. Hazırda bilet satışı demək olar ki, yoxdur. Bu səbəbdən də şirkətimiz Fransa istiqamətində Yeni ildə turkampaniyasından imtina edib".

Fransaya tur təşkil edən "Regea Travel" şirkəti də eyni problemlə üzləşib: "Bu istiqamətdə həyata keçirdiyimiz turların satışında kifayət qədər azalma var. Hətta bilet alan və bron edən 10 nəfərdən 7-si artıq sifarişdən imtina edib. Əhalinin istəyi olmadığından bilet satışı çox aşağıdır. Bu səbəbdən də Yeni ildə Fransaya turpaket hazırlamağı nəzərdə tutmuruq".

Son xəbərlər

Orphus sistemi