Azərbaycan Səudiyyə Ərəbistanında keçirilən turizm sərgisində iştirak edir

Azərbaycan Səudiyyə Ərəbistanında keçirilən turizm sərgisində iştirak edir Azərbaycan ötən gündən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən və sabah başa çatacaq beynəlxalq “Riyad Səyahət Sərgisi”ndə iştirak edir.
Turizm
23 May , 2022 11:26
Azərbaycan Səudiyyə Ərəbistanında keçirilən turizm sərgisində iştirak edir

Azərbaycan ötən gündən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən və sabah başa çatacaq beynəlxalq “Riyad Səyahət Sərgisi”ndə iştirak edir.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” QSC ilə yanaşı, 12 yerli turizm şirkəti daxildir.

Sərgi çərçivəsində Səudiyyə Ərəbistanının ən iri şəhərləri olan Ər-Riyad, Dammam və Ciddədən Bakıya birbaşa uçuşlar icra edən “Flynas” və “Flyadeal” hava yolu şirkətləri daxil olmaqla, xarici turizm şirkətləri ilə B2B görüşlər keçirilir, Azərbaycanın, o cümlədən işğaldan azad olunmuş torpaqların turizm potensialı haqqında məlumat verilir.

Sərginin ilk günü Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Azərbaycan stendini ziyarət edib və təbliğat materialları ilə tanış olub. Sərgidə təşkilatçılar Azərbaycan stendinə “Brilliant tərəfdaş” mükafatı təqdim edib.

Hər il keçirilən sərgi Yaxın Şərq regionu və Körfəz ölkələri üzrə turizm sənayesi nümayəndələrini bir araya toplayaraq yeni əməkdaşlıqlar üçün faydalı imkanlar yaradan beynəlxalq və regional platforma kimi çıxış edir.

2022-ci ilin yanvar-aprel aylarında Səudiyyə Ərəbistandan gələn ziyarətçilər ölkəmizə ən çox səfər edən xarici ölkə vətəndaşları arasında 6-cı yerdə qərarlaşıb. Hazırda Səudiyyə Ərəbistanının 3 şəhərindən ölkəmizə həftədə 13 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi