Astana. 10 iyun. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astana şəhərində “EXPO-2017: Gələcəyin enerjisi” beynəlxalq sərgisi keçirilir.
“Report”un Astanaya ezam edilmiş müxbirinin verdiyi məlumata görə, tədbirdə Azərbaycanı Energetika Nazirliyinin Aparat rəhbəri İftixar Hüseynov təmsil edir.
Azərbaycanın milli pavilyonu sərginin birinci günündə böyük marağa səbəb olub.
Azərbaycan milli pavilyonu 403,3 kv. metrlik əraziyə malikdir. Pavilyonun “Odlar Yurdu - Keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan konsepsiyası Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi, elmi, insan kapitalı, tolerantlıq ənənələri, Xəzər, Qədim İpək yolu, ölkənin müasir iqtisadiyyatı, Qobustan kimi milli dəyərləri əks etdirir.
Pavilyonda ölkə iqtisadiyyatının neft və qeyri-neft sektorunun əsas seqmentlərini nümayiş etdirən interaktiv monitorlar, xüsusi maketlər quraşdırılıb. Bundan əlavə, pavilyonda monitorlarda Azərbaycanın milli musiqisi və rəqsləri, milli mətbəxin nemətləri, incəsənətinə dair müxtəlif materiallar, Qobustan qayaüstü rəsmləri, habelə milli xalçalar nümayiş etdirilir. Eyni zamanda, pavilyona girişdə Azərbaycan milli musiqi alətlərini də görmək mümkündür. Ümumilikdə milli pavilyon Azərbaycanda ənənəvi enerjidən alternativ enerjiyə keçid tarixinin təkamül yolu bu dəyərlər kontekstində təqdim edilir.
Qeyd edək ki, milli pavilyona 10 min ziyarətçinin baş çəkəcəyi gözlənilir. Pavilyonda ziyarətçilər Azərbaycanın sərgilədiyi Quba xalçasına böyük maraq göstəriblər. Belə ki, ziyarətçilər xalçanın üzərində əyləşərək, Azərbaycana həsr edilmiş təbliğat çarxına böyük maraq və həvəslə tamaşa ediblər.
Xatırladaq ki, Heydər Əliyev Fondu və Energetika Nazirliyinin dəstəyi ilə inşa olunan milli pavilyon iyunun 10-dan sentyabrın 10-dək davam edəcək. Pavilyonun rəsmi açılış mərasiminin Azərbaycan Milli Günü - iyulun 9-da keçirilməsi nəzərdə tutulub.
“EXPO- 2017: Gələcəyin enerjisi” beynəlxalq sərgisində 150-dən artıq ölkənin və 22 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir. Sərgi enerjidən istifadə sahəsində nailiyyətlər və perspektivlər, o cümlədən ekoloji təmizlik, enerji resurslarından istifadə zamanı ətraf mühitin mümkün qədər qorunması və s. bu kimi mövzulara həsr olunub.