Dünyada baş verən siyasi proseslər - Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən hadisələr Azərbaycan vətəndaşlarının daxil turizmə üstünlük verməsinə şərait yaradıb.
“Report” xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.
Onun sözlərinə görə, vətəndaşların qərarı düzgün addımdır: “Pandemiya dövründən sonra turizm və hotelçilik sahəsində yeni çağırışlar yaranıb. Eyni zamanda sərhədlərin hələ də bağlı olması bu sektorun inkişafına təsirsiz ötüşmür. Azərbaycan turizminin güclü bünövrəsinin olması pandemiyadan üzüağ çıxmağımıza şərait yaratdı. Məhz bu güclü bünövrə olmasaydı iki il pandemiya dövründə Azərbaycan turizmi pis vəziyyətə düşərdi. Biz buna dözə bildik, pandemiya dövrünü keçdik. Azərbaycan turizm sektoru bu gün yenidən bərpa və inkişaf mərhələsindədir. Sərhədlərlə bağlı məsələ də vaxtı gələndə həll olunacaq. Azərbaycanın hər bir guşəsində daxili turizm yüksək səviyyədə inkişaf edir. Ümumiyyətlə daxili və xarici turizmdən gələn gəlirlər bir ölkənin büdcəsinin əsas yerini tutur. Fikir verin, 10 il bundan öncə daxili turizm bir o qədər də inkişaf etməmişdi. İndi isə vətəndaşlarımızın böyük hissəsi istirahət zamanı daxili turizmin imkanlarından yararlanır. Bu, bir yox, bir neçə amildən irəli gəlir. Bütün Qafqazda Azərbaycan həm insan potensialına, həm ərazisinə görə, həm təbii nemətlərinə görə ilk yerdə qərarlaşıb. Biz bütün qüvvəmizi daxili turizmə yönəltsək, sürətli inkişaf əldə edərik. Bu da get-gedə ölkə büdcəsinə daha çox gəlir gəlməsinə səbəb olacaq”.
Tələbələrin təhsil ala-ala təcrübə üçün hotellərə göndərilməsi məsələsinin önəmli olduğunu vurğulayan M.Ağakərimov onu da əlavə edib ki, bu gün təhsil müəssisələri ilə sənaye sahəsində çalışan mütəxəssislər birgə fəaliyyətə meyillidir: “Tələbələrin hotellərə praktika üçün göndərilməsi təmin ediləcək. Həmin hotellərin mütəxəssisləri hər bir departament üzrə - təmizlik, ön büro, restoran, içki şöbəsi üzrə və s. tələbələrə müvafiq təlimlər keçəcər. Burada heç bir problem olmayacaq. Hazırda hotellərdə istədin-istəmədin təcrübə qazanılır. Lap heç bir anlayışı olmayan, bu sahəyə həvəsi olan biri hoteldə təcrübəyə başlasa, cəmi üç ay sonra özündəki ciddi dəyişikliyi hiss edəcək. Burada yeganə problem dil bilikləridir. Dil bilikləri turizm və hotelçilik sektorunda təməl prinsiplərdəndir. Turistlərlə əl-qol ilə danışmaq, izah etmək mümkün deyil. Digər sahələrdə jestlərlə vəziyyətdən çıxmaq olar, amma bizim sektorda düzgün ünsiyyət bacarığı vacib şərtdir. Xüsusilə rus və ingilis dillərini bilmək tövsiyə edilir. Nə qədər çox dil bildin o qədər yaxşıdır. Hotelçilik sektorunda çalışan şəxs emosiyaları, dili, baxışları, bədən dili ilə birlikdə turistlə müsbət kontakt qurmalıdır. Bütün bunların hamısı ünsiyyət zamanı nəzərə alınan incə məqamlardır”.