Bu gün Azərbaycanın turizm sənayesinin mövcud vəziyyəti ilə universitetdə hotelçilik üzrə tədris proqramı bir o qədər də üst-üstə düşmür.
“Report” xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.
Onun sözlərinə görə, tələbələrin gələcəkdə işlə təminatda problem yaşamaması üçün bu məqamlara, elmi-praktiki konfranslara üstünlük verilməlidir: “Bu, bir çox sahələrdə belədir. Ümumiyyətlə bütün sahələrdə olduğu kimi hotelçilik sahəsində də tədris proqramları hazırlanarkən mütəxəssislərin rəyi öyrənilməlidir. Sənaye sahəsində fəaliyyət göstərən mütəxəssislər də proqram təminatında elə qızıl ortanı seçməlidirlər ki, bu proqram gələcəkdə tələbələrin fəaliyyətinə müsbət təsir göstərsin".
"Mən inanıram ki, gələcəkdə bu proqramlarda müsbət mənada dəyişikliklər olacaq. Tələbələrimiz də düzgün tədris proqramlarını öyrənməklə sənaye sahəsində uğurlu işlərdə çalışa biləcək. Ümumiyyətlə bu problem 5-10 ilin söhbəti deyil. Konkret deyim ki, Avstriyada, İsveçrədə hotel biznesi üzrə tədrisin ¾ hissəsi təcrübəyə ayrılır. Bu proqramın bizdə də tətbiqinə xüsusi diqqət ayrılmasını istərdim. Mən özüm də kurslar apararkən proqramları şəxsən özüm və bu praktikalara əsaslanaraq hazırlayırdım. Məhz Avropa standartlarına uyğun fəaliyyət olmalıdır. Təsəvvür edin, qalın bir kitab oxumaqla təyyarəni sürmək və yaxud avtomobili sərbəst idarə etmək mümkündür? Əlbəttə ki, xeyr. Nəzəri biliklər praktiki vərdişlərlə tamamlanmalıdır. Siz o praktikanı keçməsəniz, təcrübə toplamasanız bu iş ola bilməz. Hər bir sahədə olduğu kimi hotelçilikdə də təcrübəyə üstünlük verilməlidir”, - deyə ATAA rəsmisi əlavə edib.
M.Ağayev ali təhsil müəssisələrindəki müəllimlərin paralel olaraq hotel, mehmanxana biznesində fəaliyyət göstərməsinin tərəfdarı olduğunu da vurğulayıb: “Çox düzgün təklifdir ki, dərs deyən müəllimlər özləri də ixtisasartırma kurslarına getməlidir. Bu, yeni bir şey deyil. Həyat davam edir, bütün sahələrdə müəyyən dinamika ilə inkişaf gedir. Cürbəcür meyarlar yaranır. Hotel biznesi də dinamik sahədir və müəllimlər bu sahədəki yeniliklərdən məlumatlı olmalıdır ki, tələbələrinə də bunu ötürsün. Müəllimlər ilk növbədə öz üzərində işləmək, karyerasını təkmilləşdirmək üçün bu sahədəki yeniliklərdən geri qalmamalıdırlar. Hər bir özünə hörmət edən müəllim öz üzərində işləməlidir və heç vaxt “mən hər şeyi bilirəm” deməməlidir”.