Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) aqroturizmin inkişafı üçün Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosu (ATB) ilə əməkdaşlığı davam etdirəcək.
"Report" xəbər verir ki bunu Agentliyin sədr müavini Leyla Məmmədova Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “Agri-Vision” layihəsi çərçivəsində təşkil olunmuş “Aqro-Turizm İnvestisiya Forumu”unda bildirib.
"Hazırda bizim Avropa İttifaqı ilə icrası davam edən 3-cü layihəmiz Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı aqroərzaq sistemlərinin inkişaf etdirilməsini nəzərdə tutur. ATB-nin texniki dəstəyi ilə bu layihə çərçivəsində biz 3 aqroturizm biznesi müəyyən etmişik və onlara xüsusi qrant ayrılacaq. Gələcəkdə ayrılacaq məbləğ hesabına seçilən obyektlərə avadanlıqların verilməsinə dəstək göstəriləcək. Bununla bağlı DTA və ATB ilə əlaqədəyik, bu il də əməkdaşlığımız olacaq", - o deyib.
Bundan başqa, onun sözlərinə görə, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində birgə icra olunan “Qadınların İqtisadi Güclərinin Artırılması - WEP” layihəsi vasitəsilə isə kənd qadınlarının bilik və bacarıqlarının arırılması istiqamətində aqrotuzim fəaliyyəti üzrə milli ekspert tərəfindən layihə beneisiarları üçün nəzəri (onlayn təlimlər) və praktiki (rayonlara səfər) təlimlər təşkil edilib. İqtisadi imkanların genişləndirilməsində aqroturizmin faydası, turizm marşrutlarının müəyyənləşdirilməsi, turistlərin yerləşdirilməsi, yeməklərin hazırlanması, gigiyena tələbləri, kəndlərarası təsərrüfat turlarının inkişafı, məhsulların satışının təşkili, evlərin qonaq evlərinə çevrilməsi və s. barədə təlimlərin və məsləhətləşmələrin keçirilməsi məqsədilə İsmayıllı, Qax, Zaqatala və Balakənə missiyalar təşkil edilib".