Əbülfəs Qarayev: "Azərbaycan dünyada multikultural ənənələri yaşadan ölkə kimi tanınır"

Əbülfəs Qarayev: "Azərbaycan dünyada multikultural ənənələri yaşadan ölkə kimi tanınır" Bakıda “Multikultural cəmiyyət və turizm” mövzusunda dəyirmi masa keçirilib
Turizm
27 Sentyabr , 2016 20:09
Əbülfəs Qarayev: Azərbaycan dünyada multikultural ənənələri yaşadan ölkə kimi tanınır

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakıda Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT) ilə əməkdaşlıq çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu gün “Multikultural cəmiyyət və turizm” mövzusunda "dəyirmi masa" keçirilib.

“Report” xəbər verir ki, tədbir bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunması və Azərbaycanın BMÜTT-yə üzv qəbul edilməsinin 15 illik yubileyinə həsr olunub.

"Dəyirmi masa"da çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son vaxtlar Azərbaycanın bir sıra sahələrdə nail olduğu uğurlardan söhbət açıb. 

Nazirin sözlərinə görə, belə bir tədbirin Dünya Turizm Günündə və Azərbaycanda “Turizm işçilərinin günü” peşə bayramı ərəfəsində təşkil olunması olduqca əhəmiyyətlidir: “Son vaxtlar ölkədə turizm sahəsiinkişaf edib. Bu sahə hər zaman ölkə başçısı İlham Əliyevin diqqəti və qayğısı ilə əhatələnib. Multikulturalizm və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində Azərbaycan dünya dövlətləri arasında öz mövqeyini tutub. Dövlət başçısı tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bir daha göstərdi ki, Azərbaycan tolerant ölkədir və bu ənənə tarixi səciyyə daşıyır. Bu gün ölkəmiz dünyada multikultural ənənələri özündə birləşdirən və bu ənənələri yaşadan ölkə kimi tanınır. Hər bir mədəniyyətin özünəməxsusluğu var. Tarixən Azərbaycanda bərabər yaşayış tərzi olmaqla yanaşı, burada insanlarmehriban şəraitdə yaşayıblar. Bunun göstəricisidir ki, Azərbaycana gələn turistlərin sayında da xeyli artım var”.

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla multikulturalizm ənənələrindən söz açıb: “Azərbaycanda yaşayan müxtəlif millətlərin və konfessiyaların nümayəndələri bir-birləri ilə ahəngdar rəftar edirlər. Bu gün Azərbaycan cəmiyyəti dünyanın aparıcı cəmiyyətləri sırasında qərarlaşır. Bunun nəticəsidir ki, dünya xalqları və ölkələri tərəfindən Azərbaycana diqqətcil münasibət göstərilir. Azərbaycan multikultralizmi Portuqaliyadan tutmuş İndoneziyayadək olan ölkələrin universitetlərində tədris edilir. Bu da xalqımızın mədəniyyətinin, ictimai-siyasi həyatının, ədəbiyyatının, dilinin və dinin öyrənilməsi deməkdir. Bu gün Avropanın bir sıra ölkələri multikulturalizmdənimtina ediblər. Bu, multikultralizmə olan bədbin münasibətin nəticəsidir. Dövlət başçısının ölkəmizdə multikulturalizmi dövlət siyasəti elan etməsi multikultral həyatın nikbin ruhunu müəyyənləşdirir. Belə ki, multikultral cəmiyyətdə turizmin inkişafı və bu yöndə atılan addımlar da təqdirəlayiqdir, alqışlanası addımlardır”.

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının Proqramlar və Koordinasiya üzrə icraçı direktoru Zoltan Somogyi keçirilən tədbirin əhəmiyyətindən danışıb: “Azərbaycana beşinci dəfədir gəlirəm. Hər səfər zamanı Azərbaycanın surətlə inkişaf etdiyini müşahidə edirəm. Son zamanlar Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurları danılmazdır. Turizm sənayesinin inkişafı ölkə iqtisadiyyatının əsas parametlərindən biridir. Prezident İlham Əliyevin turizm sahəsinin inkişafına dəstək məqsədilə imzaladığı müvafiq sərəncamlarının əhəmiyyətini yüksək qiymətləndirirəm. Sentyabrın 27-nin Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd olunmasının təqdirəlayiqdir. Dünyada son beş ay ərzində turizm sahəsində beş faiz artımın müşahidə olunub. Turizm sənayesinin inkişafı üçün təhlükəsizlik mexanizmlərinin tətbiq edilməsi olduqca vacibdir. Turistlərin rahat, maneəsiz hərəkətləri üçün lazimi şəraitin yaradılması mütləqdir. Multikultural cəmiyyətdə turizmin inkişafı, ümumiyyətlə bu sahənin gələcək perspektivləri və turistlərin ölkəyə cəlb olunması üçün atılan addımlar istiqamətində zəruri işlər görülməlidir. Turizmin inkişafı üçün dünyada sülhün bərqərar olması vacib ünsürdür”.

Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı çıxışında bildirib ki, bu gün Azərbaycanda hər sahədə inkişaf mövcuddur: “Azərbaycanda turizm sahəsində böyük irəliləyişlər var. Türkiyə və Azərbaycan zəngin mədəniyyətə sahibdir. Hər iki dövlətarasında əlaqələrin daha güclənməsi istiqamətində bütün sahələrdə, o cümlədən mədəniyyət və turizm sahəsində əməkdaşlığa hazırıq”.

Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu əks etdirən video çarx nümayiş olunub.

Daha sonra “dəyirmi masa” “Multikulturalizin turizmdə rolu” və “Mədəniyyətlər arasında tolerantlıq və anlaşmanın inkişafında turizmin rolu” adlı panellərlə işini davam etdirib.

Son xəbərlər

Orphus sistemi