Nazir: "ASAN Viza" sisteminin tətbiqi nəticəsində Azərbaycana gələn turistlərin sayı xeyli artıb"

Nazir: "ASAN Viza" sisteminin tətbiqi nəticəsində Azərbaycana gələn turistlərin sayı xeyli artıb" "Azərbaycan Prezidenti İlham Əliyevin viza sisteminin asanlaşdırılması ilə bağlı imzaladığı fərman ölkədə turizmin inkişafına yönəlmiş addımdır"
Turizm
2 Fevral , 2018 12:04
Nazir: ASAN Viza sisteminin tətbiqi nəticəsində Azərbaycana gələn turistlərin sayı xeyli artıb
Report/ Firi Salim

Bakı. 2 fevral. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyevin viza sisteminin asanlaşdırılması ilə bağlı imzaladığı fərman ölkədə turizmin inkişafına yönəlmiş addımdır".

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, "ASAN Viza" sisteminin tətbiqi nəticəsində son zamanlar Azərbaycana gələn xarici qonaqların sayı xeyli artıb: "Vizanın 3 saat müddətində verilməsi demək olar ki, bütün maneələri aradan qaldırıb. Hesab edirik ki, Prezidentin hava limanlarında, sərhəd-buraxılış məntəqələrində məhz "ASAN viza" sisteminin tətbiq edilməsi ilə bağlı imzaladığı fərman bu prosesin daha da mütəşəkkil, şəffaf həyata keçirilməsinə, qonaqların gəlişinin asanlaşdırılmasına yönəlib. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla müzakirələr aparmışıq. Tədris ocaqlarının məzunlarının da bu işə cəlb olunması gündəlikdədir. Bu turizmin inkişafı üçün vaxtında verilmiş qərardır".

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana görə, Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi "ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların "ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin "ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin etməlidir.

Son xəbərlər

Orphus sistemi