Əbülfəs Qarayev "Expo Milan 2015" sərgisində Azərbaycan milli pavilyonunu ziyarət edib

Əbülfəs Qarayev "Expo Milan 2015" sərgisində Azərbaycan milli pavilyonunu ziyarət edib Nazir bu kimi sərgiləri mədəniyyətimizin təbliğ edilməsi, turistlərin cəlb olunması istiqamətində aparılan ən uğurlu işlərdən biri kimi qiymətləndirib
Turizm
1 Avqust , 2015 18:33
Əbülfəs Qarayev Expo Milan 2015 sərgisində Azərbaycan milli pavilyonunu ziyarət edib

Bakı. 1 avqust. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "EXPO Milan 2015" sərgisində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin ilk dəfə təmsil olunduğu Azərbaycan Milli Pavilyonunu ziyarət edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb. 

Məlumatda bildirilir ki, "Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" adlanan dördmərtəbəli milli pavilyonumuzla tanış olan nazir ölkəmizin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və nadir biomüxtəlifliyini tərənnümü baxımından pavilyonun işini yüksək qiymətləndirib və bu kimi sərgiləri mədəniyyətimizin təbliğ edilməsi, turistlərin cəlb olunması istiqamətində aparılan ən uğurlu işlərdən biri kimi qiymətləndirib.

Milli pavilyonumuzun əsas özəlliyini üç biosfer təşkil edir ki, bu da ziyarətçilərə planetimizi xatırladır. Pavilyonun "Səslər simfoniyası" adlanan birinci mərtəbəsində Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası; ikinci mərtəbədə ("Rənglər simfoniyası") iqlimi, landşaftı və bioloji müxtəlifliyi barədə məlumatlar; üçüncü mərtəbədə ("Dadlar simfoniyası") isə milli mətbəxi və orqanik təbii qida məhsulları və nümunələri ziyarətçilərə təqdim olunur. Pavilyonun dördüncü mərtəbəsində milli mətbəximizin nümunələrini təqdim edən restoran fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda 9 iqlim qurşağının mövcud olması, ölkəmizin beynəlxalq qurumlar tərəfindən dünyanın 25 biomüxtəliflik məkanından biri kimi göstərilməsi də milli pavilyonumuzda öz əksini tapıb. Pavilyonda monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir.

Nazir pavilyonun fəaliyyətindən yüksək məmnunluğunu ifadə edərək, sərginin işinə uğurlar arzulayıb.

Məlumat üçün bildiririk ki, "EXPO Milan 2015" sərgisində ilk dəfə olaraq 2015-ci ildə Azərbaycan milli pavilyonu yer alıb. Sərgi cari ilin mayın 1-də açılıb və oktyabrin 31-dək davam edəcəkdir. Onu da qeyd edək ki, sərgi başa çatdıqdan sonra milli pavilyonun Azərbaycana gətirilərək, Bakının ən gözəl guşələrdən birində quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Ə.Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində keçirilən "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransda təmsil olunur.

Son xəbərlər

Orphus sistemi