Yuxarı
    Bağlamaq

    Bakıya dünyanın 10 ölkəsindən fermer sahibkarlar gələcəklər

    Onlar paytaxtda keçiriləcək 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgisinə qatılacaqlar© courtesy image

    Bakı. 13 mart. REPORT.AZ/ Bakıda bu il mayın 17-19-da kənd təsərrüfatı və qida məhsullarının nəhəng regional forumu – 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgisi keçiriləcək. 

    "İteca" şirkətindən "Report"a daxil olan məlumata görə, uzun illərdir Kənd Təsərrüfatı Nazirliyi “CaspianAgro” sərgisinə yaxından dəstək göstərir və sərginin işində fəal iştirak edir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

    Bu il “CaspianAgro 2017” sərgisində Azərbaycan, Belarus, Çin, İtaliya, Rusiya, Şri-Lanka, Türkiyə və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distribyutorları iştirak edəcəklər. Üçüncü ildir ki, sərgidə Gürcüstan öz milli pavilyonu ilə təmsil olunacaq. Bu il debütantların arasında İpək Yolu üzərində, Jianqxi (Ciangşi) (Çinin cənub hissəsi) vilayətini təmsil edən Çin şirkətləri var.

    “CaspianAgro 2017” sərgisinin qeydiyyat üzrə sponsoru “Grand Motors” (Azərbaycan) şirkətidir.

    Ümumiyyətlə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edir və bir sıra innovasiyalarla tanış olmaq üçün ideal imkan yaradır. Bu innovasiyalara quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, istifadəyə hazır istixanaların tikintisi, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. daxildir. Bu il sərginin aşağıdakı sektorları daha geniş tərkibdə nümayiş etdiriləcək: suvarma sistemləri, son illər Azərbaycanda güclü inkişaf etmiş pambıqçılıq sahəsi üçün kənd təsərrüfatı texnikası. Sərginin “Laboratoriya avadanlıqları” sektorunda mikroskoplar, aparatlar və kənd təsərrüfatı məhsullarının məhsuldarlığını artırmaq və bitkilərin çəkisindən tutmuş zərərli vasitələrə yoluxma dərəcəsinə, eləcə də rütubət tərkibinin faiz göstəricisinin öyrənilməsinə qədər bir sıra digər cəhətləri müntəzəm olaraq araşdırmaq üçün nəzərdə tutulmuş laboratoriya cihaz və avadanlıqları təqdim olunacaq.

    Kənd təsərrüfatı öz xidmətlərini təklif edən istehsalçı, distribyutor və müəssisələrdən ibarət Azərbaycan şirkətləri sərgi eksponentlərinin 40%-ni təşkil edir. Bundan başqa, ənənəvi olaraq, “CaspianAgro” sərgisində ən son avadanlıq və texnikalarla tanışlıq məqsədi ilə Azərbaycan regionlarını təmsil edən sahibkar və fermerlər üçün info-turlar təşkil olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi