Bakı Ticarət Festivalı başlayıb - FOTO

Bakı Ticarət Festivalı başlayıb - FOTO Bu münasibətlə İçərişəhərdə şou-proqram keçirilir
Turizm
10 Aprel , 2017 15:45
Bakı Ticarət Festivalı başlayıb - FOTO
report.az

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan paytaxtında Bakı Ticarət Festivalına (Şopinq Festivalı) start verilib. 

“Report”un xəbərinə görə, festivalın başlaması münasibəti ilə İçərişəhərdə şou-proqram keçirilir.

DJ İlham Əmirovun müşayiəti ilə başlanan şou-proqramda “Natiq” ritm qrupu, “Qaya” ansamblı, Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər tanınmış müğənnilər çıxış edəcəklər.

Açılış mərasimində jurnalistlərə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirib ki, bu şopinq festivalı həm xarici, həm də ölkə vətəndaşları üçün mühüm imkanlar yaradır: "Artıq 110-a yaxın mağaza festivala qoşulub. Festival çərçivəsində vətəndaşlar 50-yə yaxın restoran və mehmanxananın xidmətlərindən istifadə edəcəklər. Artıq bu gündən vətəndaşların əlavə dəyər vergisini (ƏDV) geri alması üçün Vergilər Nazirliyi 7 alış-veriş mərkəzində xüsusi köşklər quraşdırıb. Vətəndaşlar alış-veriş etdikdən sonra çeklərini təsdiqlədib ƏDV-ni ala bilərlər".

Ticarət festivalının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Mayın 10-na qədər davam edəcək tədbir çərçivəsində ilk dəfə olaraq Azərbaycan vətəndaşlarının da alış-verişinə “tax free” sistemi tətbiq ediləcək. Növbəti festivalın bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, Bakı Ticarət Festivalı Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq təşkil edilib. 

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi