Leykemiya (və ya ümumi adı ilə qan xərçəngi) — sümük iliyində və qan yaradan digər toxumalarda qan hüceyrələrinin, xüsusilə ağ qan hüceyrələrinin (leykositlərin) bədxassəli şəkildə sürətlə və nəzarətsiz çoxalması ilə səciyyələnən ciddi onkoloji xəstəlikdir. Normal şəraitdə sümük iliyi orqanizmi infeksiyalardan qoruyan, oksigen daşıyan və qanın laxtalanmasını təmin edən hüceyrələr istehsal edir. Lakin leykemiya zamanı genetik mutasiyaya uğramış anormal hüceyrələr sağlam qan hüceyrələrinin inkişafına mane olur, bu da orqanizmdə ciddi immun çatışmazlığına, anemiyaya və laxtalanma problemlərinə yol açır. Xəstəliyin gedişatından asılı olaraq kəskin və xroniki formalara, həmçinin zədələnən hüceyrə növünə görə limfoid və miyeloid növlərə bölünür.
Kəskin leykemiya (Kəskin limfoblastlı və ya miyeloid leykemiya): Anormal qan hüceyrələrinin (blastların) çox sürətlə böyüməsi və toplanması ilə xarakterizə olunur. Xəstəlik qəfil başlayır və sürətlə irəliləyir, buna görə də dərhal tibbi müdaxilə tələb edir. Ən çox uşaqlar arasında rast glinən kəskin formalar müasir tibbin imkanları sayəsində uğurla müalicə oluna bilir.
Xroniki leykemiya (Xroniki limfositik və ya miyeloid leykemiya): Yetkin hüceyrələrin zədələnməsi ilə baş verir və illər ərzində çox asta-asta irəliləyir. İlkin mərhələlərdə heç bir əlamət göstərməyə bilər və adətən rutin qan analizi zamanı təsadüfən aşkar edilir.
Ümumi zəiflik və yorğunluq: Qırmızı qan hüceyrələrinin (hemoblobinin) azalması nəticəsində yaranan anemiya səbəbindən daimi halsızlıq, rəngsizlik və təngnəfəslik müşahidə olunur.
İnfeksiyalara qarşı həssaslıq: Funksional leykositlərin çatışmazlığı fonunda xəstələrdə tez-tez təkrarlanan yüksək hərarət, soyuqdəymə və infeksiyalar yaranır.
Qanaxmalar və göyərmələr: Trombositlərin azalması səbəbindən dəridə səbəbsiz göyərmələr, kiçik nöqtəvi qanaxmalar, eləcə də tez-tez təkrarlanan burun və diş əti qanaxmaları baş verir.
Limfa düyünlərində şişkinlik: Boyun, qoltuqaltı və ya qasıq nahiyəsində ağrısız limfa düyünlərinin böyüməsi, eləcə də dalaq və ya qaraciyərin ölçülərinin artması ilə əlaqədar qarın nahiyəsində dolğunluq hiss olunur.
Laborator və instrumental müayinələr: Diaqnoz əsasən ümumi qan analizi (leykosit və blast hüceyrələrinin sayılması), sümük ili biopsiyası, eləcə də genetik və immunofenotipik testlər vasitəsilə dəqiq müəyyən edilir.
Kimyaterapiya: Leykemiya hüceyrələrini məhv etmək və ya onların böyüməsini dayandırmaq üçün istifadə olunan əsas sistemli müalicə üsuludur.
Hədəflənmiş (Target) terapiya və İmmunoterapiya: Xərçəng hüceyrələrinin xüsusi genetik xüsusiyyətlərini hədəf alan və ya bədənin öz immun sistemini xəstəliyə qarşı mübarizəyə stimullaşdıran qabaqcıl dərman vasitələridir.
Sümük ili (kök hüceyrə) köçürülməsi: Zədələnmiş sümük iliyinin sağlam donor kök hüceyrələri ilə əvəz olunması xəstəliyin tam sağalmasına (remissiyaya) nail olmaqda həlledici rol oynayır.