Niderland krallığının Rotterdam şəhərində beynəlxalq "Avroviziya" mahnı müsabiqəsi başlayıb.
“Report” xəbər verir ki, Nive-Maas çayının sahilində keçirilən müsabiqəyə 39 ölkədən 34 iştirakçı toplaşıb.
"Nümayəndə heyətləri bir neçə dəqiqə sonra gələcək. Təəssüf ki, bütün ölkələr burada ola bilməyəcək, amma onların əksəriyyəti iştirak edəcək, - mərasimin aparıcısı bildirib.
Tədbirin açılışında Azərbaycanla yanaşı, Rusiya, Litva, Almaniya, Sloveniya, Fransa, İtaliya, İspaniya, Şimali Makedoniya, Niderland, İsrail, Böyük Britaniya, İsveç, Belçika, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Ukrayna, Estoniya, San-Marino, Çexiya, Yunanıstan, Avstriya, Gürcüstan, Moldaviya, Portuqaliya, Serbiya, Finlandiya, Albaniya, İsveçrə, Latviya, Bolqarıstan və Danimarka təmsilçiləri iştirak edirlər.
"Avroviziya"nın yarımfinalı mayın 18-də və 20-də keçiriləcək, final yarışması isə mayın 22-ə təyin olunub.