Los-Anceles məhkəməsində andlı iclasçılar amerikalı film prodüseri Harvi Vaynşteyni zorlama və digər iki seksual xarakterli cinayətdə təqsirli bilib.
“Report” “The Variety”yə istinadən xəbər verir ki, H. Vaynşteynin ikinci məhkəmə prosesində o, oxşar ittihamlardan birində bəraət qazanıb və daha üçündə isə on gün müşavirə keçirən andlı iclasçılar yekdil qərara gələ bilməyiblər.
“Dekabrın 19-da Harvi Vaynşteyn zorlama və seksual qısnamanın daxil olduğu üç ittiham üzrə mühakimə olunub”, - məlumatda qeyd olunub.
“Associated Press”in məlumatına görə, zorlama ilə yanaşı, H. Vaynşteyn “oral əlaqəyə məcbur etmək” və işdə “Ceyn Dou” (gerçək adı göstərilmir) kimi tanınan bir qadına qarşı seksual xarakterli cinayət törətməkdə təqsirli bilinib.
Qeyd edək ki, noyabr ayında Los-Anceles məhkəməsi H. Vaynşteynə qarşı dörd ittihamı geri götürüb.
Nyu-Yorkda baş tutan ilk prosesdə məşhur kinoprodüser zorlama və oral seksə məcburetməyə görə 23 il həbs cəzası alıb.