Bakı. 26 aprel. REPORT.AZ/ "Azərbaycan təmsilçisi Diana Hacıyevanın mahnısı və klipi çox xoşuma gəldi, onun Kiyevdəki çıxışını səbirsizliklə gözləyirəm".
Bunu "Report"a "Eurovision-2017" mahnı müsabiqəsində Maltanı təmsil edəcək Klaudia Fanyello deyib.
Malta nümayəndəsinin sözlərinə görə, Diana Hacıyevanın böyük vokal səsi var və onun mahnısı çox müasirdir.
K.Fanyello Azərbaycan haqqında məlumatının olduğunu bildirib: "Azərbaycan zəngin mədəniyyətə malik gözəl ölkədir. Nə vaxtsa Azərbaycana səfər etməyi arzulayıram. Ölkənizin musiqisi barədə daha çox "Eurovision" müsabiqəsi sayəsində bilirəm".
Müsabiqədə ifa edəcəyi "Breathlessly" mahnısı haqqında danışan K.Fanyello ifanın həyat səyahətilə və həyatda baş verənləri qiymətləndirməyi bacarmaqla bağlı olduğunu söyləyib.
Maltanın xanım təmsilçisi, həmçinin "Eurovision" müsabiqəsinin azərbaycanlı fanatlarına səslənib: "Maltaya və onun "Eurovision"dakı nümayəndələrinə göstərdiyiniz dəstəyə görə sizə dərin təşəkkürümü bildirirəm. Mahnımın xoşunuza gələcəyinə ümid edirəm".