Bakı. 14 fevral. REPORT.AZ/ "Eurovision" müsabiqəsinin rəsmi nümayəndəsi Ermənistanın bu il yarışmada çıxış etmək istədiyi qondarma "erməni soyqırımına" həsr olunan "Don’t Deny" ("İnkar etmə") mahnısı ilə bağlı vəziyyəti şərh edib.
"Eurovision" müsabiqəsinin təşkilat məsələləri üzrə rəhbəri Sitse Bakker "Report"a bildirib ki, bu məsələ ilə bağlı nəticə çıxarmaq hələ tezdir: "Gəlin, mahnının son versiyasını gözləyək, daha sonra onun qaydalara uyğunluğunu qiymətləndirə bilərik".
Qeyd edək ki, 6 qitədə yaşayan 6 ermənidən ibarət "Genealogy" qrupu bu il Vyanada keçiriləcək müsabiqədə qondarma "erməni soyqırımının" 100-cü ildönümünə həsr olunan mahnı ifa etmək niyyətindədir. Müsabiqənin qaydalarına əsasən, iştirakçıların mahnıda kommersiya və ya siyasi motivlərdən istifadə olunması qadağandır.
"Eurovision" mahnı müsabiqəsi bu il Avstriyada keçiriləcək. Müsabiqənin yarımfinalları mayın 19 və 21-də, final isə mayın 23-də baş tutacaq.