“Gənclik Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında romantik komediya janrında olan “Evdə qalmış 2” Azərbaycan filminin qala gecəsi baş tutub.
"Report" xəbər verir ki, tədbirdə tanınmış şəxslər, ictimai xadimlər, jurnalistlər və blogerlər iştirak ediblər.
Filmin quruluşçu rejissoru və baş prodüseri Valeh Əhmədov, ssenari müəllifləri Valeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova, Türkan Mehtiyeva, quruluşçu operatoru isə Babək Pourfarddır.
Rollarda Azərbaycanın xalq artisti Həmidə Ömərova və Fatma Mahmudova, Əməkdar artist Sənubər İsgəndərli və Mehriban Xanlarova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva, Kənan Yusifov, Sanura Cəfərova, Nigar Alibek, Elçin Məmmədli, Rüstəm Rüstəmli iştirak edib.
Filmin məzmununa gəlincə, 5 ildir uşaqları olmayan Ruslanla Sevda “A bala, bir şey mirşey var?” sualından qaçmaq istəsələr də yoldan keçən hər kəs bu sualı onlara verir. Şahnisənin anası ona varlı ər axtarır. O, isə kasıb sevgilisi Vüsalla evdə qalmaqda davam edir. Asif və Təhminənin 3 qızı olsa da başqalarının sözünə görə “oğul payı” üçün gecə-gündüz çalışır. Onları birləşdirən isə həyatlarının romantik komediyaya çevrilməsidir.
Tədbirin təşkilində foto və video “Light in Black” kreativ şirkəti “Haus dizayn” şirkəti, və “Bonaqua” suları dəstək göstəriblər.