“CinemaPlus” kinoteatrlar şəbəkəsində noyabrın 24-dən etibarən ABŞ və İtaliya istehsalı olan “Lamborgini: Əfsanə adam” bioqrafik dram filminin nümayişi başlayır.
"Report" xəbər verir ki, süjet real hadisələr üzərində qurulub.
Robert Moreskonun rejissoru olduğu filmdə baş rollarda Frenk Qrillo, Mira Sorvino, Qabriel Brin çəkilib.
110 dəqiqəlik filmin məzmununa gəlincə, italyan lüks idman avtomobil şirkətinin qurucusu Ferruccio Lamborghini-nin həyat hekayəsindən bəhs edilir. Ferruccio karyerasına İkinci Dünya Müharibəsindən qalma hərbi texnikadan hazırlanmış kənd təsərrüfatı texnikalarının istehsalı ilə başlayıb. Daha sonra o, Lamborghini superavtomobillərinin yaradılması və realizasiyası üzərində çalışır və bu onun həyat məqsədinə çevrilir. Filmin süjeti Lamborghini-nin yaranmasından ən azı 1970-ci illərə (yəni "supercar" ikonası Lamborghini Countach-ın təqdim olunduğu vaxt) qədər olan tarixi əhatə edəcək.
Bundan başqa, ABŞ istehsalı olan “İkiqat döngə” hərbi döyüş filminin nümayişi başlayır. Filmin rejissoru Castin Dillarddır. Baş rollarda Conatan Mejors, Qlen Pauell, Serinda Svon çəkilib. Ekran işinin müddəti 150 dəqiqədir. Filmdə Koreya müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin iki pilotu yaxın dost və "silah qardaşı" olurlar. Növbəti tapşırığın yerinə yetirilməsi zamanı pilotlardan biri düşmən ərazisi üzərində vurulur. Komandanlıq xilasetmə əməliyyatına ehtiyac görmür, lakin həqiqi sədaqət digər əsgərin yoldaşını çətin vəziyyətdə qoyub getməsinə imkan verməyəcək.
Həmçinin, Azərbaycan istehsalı olan “Bakının açarı” detektiv filminin nümayişi başlayır. Filmin rejissoru Zaur Tahirsoydur. Baş rollarda Urfan Cabbarlı, Nərmin Əhməd, İbrahim Əlizadə, Vüsal Tağıyev, Fidan İsmayılova, Maya Hüseynli, Anar Əli çəkilib. Filmin müddəti 90 dəqiqə təşkil edir.
Ekran işində Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçməsindən bəhs olunur. Açar ruslarda olsa da, Bakının yeraltı şəhərinin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb açarı rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər.
“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Kral qadın” tarixi dram filmi də izləyicilərə təqdim edilir. Filmin rejissoru Jina Prins-Baytvuddur. Baş rollarda Viola Devis, Tuso Mbedu, Laşana Linç oynayıb.
Müddəti 145 dəqiqədir. Filmdə 1800-cü illərdə Afrikanın Dahomey krallığını müdafiə edən qadın döyüşçü dəstəsi "Agoci"-nin hekayəsindən bəhs olunur.
Eyni zamanda Türkiyə istehsalı olan “Kendi yolumda” komediya filminin nümayişi başlayır. Filmin rejissoru Ömer Faruk Sorakdır. Baş rollarda Gökhan Özoğuz, Gökçe Bahadır, Ferit Aktuğ çəkilib. Məzmuna gəlincə, Gökhan Özoğuz Adanada getdiyi təmir sexində ustanın şagirdi Ömər Əli ilə tanış olur. Ömər Əlinin ona dinlətdirdiyi mahnını bəyənir və ona bu işi atmamasını deyir. Zalım atası ilə işləyən gənc mexanik Gökhandan “Mənim kimi ailədə, mənim kimi təmirxanada doğulsaydın, Athena Gökhan olardın?” deyə soruşur. Gökhan bu sualdan təsirlənir və maşının təmirini gözləyərkən yuxuya gedir. Komediya və dram janrını birləşdirən film Gökhanın özünü Adananın çətin məhəllələrində böyüyən bir mexanikin şagirdi kimi gördüyü yuxu ilə davam edir.