“28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında "Halloween" bayramı ərəfəsində "Freddi ilə beş gecə" Amerika qorxu filminin premyeradan öncə nümayişi keçirilib.
"Report" xəbər verir ki, Emma Tamminin rejissoru olduğu filmdə Coş Hatçerson, Elizabet Leyl, Payper Rubio, Ket Konner Sterlinq, Meri Styuart Masterson və Metyu Lillard çəkiliblər.
Film tərtibatçı Skot Kouton tərəfindən yaradılmış məşhur video oyununa əsaslanır və yerli restoranda gecələr işləyən mühafizəçi Maykın hekayəsindən bəhs edir.
Gün ərzində ziyarətçiləri müxtəlif heyvanlar kimi geyinmiş robotlar qarşılayır: ayı, dovşan, tülkü. Ancaq qaranlıq çökəndə animatronika qəribə davranır və Maykı təqib etməyə başlayan çılğın qatillərə çevrilir. İndi o, beş gün ərzində buna nəyin səbəb olduğunu öyrənməlidir.
Tədbirdə şou-biznes nümayəndələri, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirin təşkilində Brand Media Groups, “Bolşoy Prazdnik” dekor şirkəti, “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti və Göyçay şəhərində fəaliyyət göstərən Aznar zavodunun “Grante” şərabları dəstək göstəriblər.