“CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmi nümayiş etdiriləcək

“CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmi nümayiş etdiriləcək Bakı. 12 noyabr. REPORT.AZ/ “CinemaPlus” kinoteatrında noyabrın 14-dən 17-dək Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası olacaq.
Şou-biznes
12 Noyabr , 2018 17:36
“CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmi nümayiş etdiriləcək

Bakı. 12 noyabr. REPORT.AZ/ “CinemaPlus” kinoteatrında noyabrın 14-dən 17-dək Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası olacaq.

"Report" xəbər verir ki, 71-ci Beynəlxalq Kann kinofestivalında “Ən yaxşı ssenari” nominasiyasının qalibi olan film yalnız bir gün- noyabrın 16-da saat 19:00-da ekskluziv olaraq "CinemaPlus Gənclik Mall"da nümayiş etdiriləcək. 

Azərbaycan əsilli iranlı kinorejissorun yeni filmi patriarxal mühitdə aktrisaların üzləşdiyi çətinliklərdən bəhs edir. Filmdə həyatının müxtəlif etapını yaşayan üç iranlı aktrisanın portreti yaradılıb. Onlardan biri karyerasını yarımçıq saxlayıb, digəri şöhrətin zirvəsindədir, üçüncü qəhrəman isə aktrisa olmaq arzusundadır. Amma mühafizəkar ailəsi onun istəyinə qarşı çıxır. Gənc qız dəstək almaq məqsədilə ölkənin məşhur aktrisasına müraciət edir. Aktrisa kinorejissor dostu ilə birgə qızın yaşadığı kəndə yola düşür.

Filmdə əsas rolları İranın tanınmış aktrisası Bəhnas CəfəriCəfər Pənahinin özü ifa edir. Əslən azərbaycanlı olan rejissor digər filmlərində olduğu kimi bu ekran əsərində də ana dilinə geniş yer verib. Ölkəsində ev dustaqlığına məhkum edilən sənətkara 20 il ərzində film çəkmək qadağası da qoyulub. Buna baxmayaraq, “Üç üz” filmi rejissorun cəza kəsiləndən sonra çəkdiyi sayca dördüncü filmidir. Kann, Berlin, Venesiya, Lokarno kimi festivalların mükafatçısı olan rejissor müsahibələrinin birində deyib: “Kinematoqrafçının film çəkməməsi onun zindanda olmasına bərabərdir”.

“START” Beynəlxalq Qısa Filmlər Festivalı və “CinemaPlus”un əməkdaşlığı ilə reallaşacaq “Üç üz” filmin nümayişinə giriş 5 manat təşkil edir. Festivalın müsabiqə proqramına qatılan digər filmlərin nümayişi isə ödənişsizdir. Filmlər noyabrın 14-ü, 15-i, 16-sı və 17-də saat 12:00-dan 16:00-dək “CinemaPlus 28 Mall”da nümayiş olunacaq.

Qeyd edək ki, IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi təşkilatçılığı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi