“Fəxr edirik ki, torpaqlarımıza qayıdırıq”.
“Report” xəbər verir ki, bu sözləri jurnalistlərə Laçın rayonu, Zabux kənd sakini, keçmiş məcburi köçkün Kamilə Rəsulova deyib.
K.Rəsulova bildirib ki, Laçını tərk edəndə 30 yaşı vardı: “İndi yurduma qayıdıram. Çox sevinirəm. Sağ olsun cənab Prezidentimiz. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə can sağlığı versin.
Mənim qardaşım oğlu da müharibə iştirakçısıdır. O, torpaqlarımızın azad edilməsi uğruna bir neçə ağır döyüşdə iştirak edib. Torpaqlarımızın azad edilməsində hamının payı, əziyyəti var. Bizi öz yurdumuza, el-obamıza qaytardılar. Cənab Prezidentimiz çox sağ olsun".
"Hər birimiz böyük sevinc, ruh yüksəkliyi içindəyik. Fəxr edirik ki, torpaqlarımıza qayıdırıq. Hər an, həmişə bu günü gözləmişik ki, doğma yurdumuza geri qayıdaq”, - o əlavə edib.
Qeyd edək ki, bu gün rayonun Zabux kəndinə daha 25 ailənin - 91 nəfərin köçü başlayıb. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.
Bununla da bu günədək Zabuxda ümumilikdə 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.
Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.