Yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb

Yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
Sosial müdafiə
533
30 Dekabr , 2021 18:07
Yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, Agentliyin sədri Vüqar Behbudov bildirib ki, Sosial Xidmət Mərkəzinin yaradılmasında məqsəd əhaliyə göstərilən sosial xidmətin səmərəliliyini artırmaqdır. Mərkəz Sosial Xidmətlər Agentliyinin 8 saylı filialının yerləşdiyi Abşeron rayonu üzrə fəaliyyət göstərəcək və ilk mərhələdə sağlamlıq imkanları məhdud uşaqları ilkin sosial reabilitasiya xidməti ilə təmin edəcək.

Qeyd olunub ki, burada, həmçinin beynəlxalq təcrübəni əsas götürərək sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri üçün sosial-psixoloji yardım xidməti də təşkil ediləcək.

Mərkəzdə uşaqların inkişaf səviyyəsi qiymətləndiriləcək, sosial-reabilitasiya proqramına uyğun olaraq fərdi və ya qrup terapiyalarına cəlb ediləcəklər. Uşaqlarla yanaşı, onların valideynləri də diqqət mərkəzində olacaq. Belə ki, psixoloq tərəfindən sosial-psixoloji vəziyyəti qiymətləndirilmiş valideynlər həm fərdi, həm də qrup terapiyalarına cəlb olunacaq, valideyn bacarıqlarının artırılması istiqamətində təlimlər keçəcəklər.

Hazırda Mərkəzin xidmətinə 38 nəfər sağlamlıq imkanları məhdud uşaq cəlb edilərək, gündəlik proqrama uyğun olaraq fərdi və qrup məşğələləri keçirlər.

Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial pedaqoq və aktiv terapiya üzrə mütəxəssis mültidissiplinar komanda şəklində xidmət göstərirlər.
Xidmətdən faydalanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və Agentliyin Abşeron rayonu üzrə filialına (Abşeron rayonu, Xırdalan ş. Heydər Əliyev prospekti 249) müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi