Yuxarı
    Bağlamaq

    ​ƏƏSMN-in yeni “Elektron xidmətlər portalı” istifadəyə verilib

    Bu, vətəndaşlara birbaşa hansı bölməyə müraciət etmələri üçün qısa vaxtda seçim etməyə imkan verəcək

    Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən nazirliyin rəsmi internet informasiya ehtiyatında "Elektron xidmətlər portalı" (www.e-mlspp.gov.az) hazırlanaraq istifadəyə verilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

    Portalda ƏƏSMN-in “Elektron hökumət” portalı üzərindən göstərilən bütün e-xidmətləri ümumiləşdirilərək “Vətəndaşlar üçün xidmətlər”, “İşəgötürənlər üçün xidmətlər” və “Qeydiyyatsız xidmətlər” bölmələri üzrə əhatə olunub ki, bu da istifadəçilərin öz kateqoriyalarına və müraciətlərinin məzmununa, eləcə də autentifikasiya vasitəsinə malik olub-olmamalarına uyğun olaraq, birbaşa hansı bölməyə müraciət etmələri üçün qısa vaxtda seçim etməyə imkan verir. Bölmələrdəki e-xidmətlərə daxil olduqda “Elektron hökumət” portalına avtomatik keçid təmin olunur.

    “Vətəndaşlar üçün xidmətlər” və “İşəgötürənlər üçün xidmətlər” bölmələrində əksini tapan e-xidmətlərdən istifadə üçün müvafiq autentifikasiya vasitələri (elektron imza, asan imza və s.) tələb olunduğu halda, vətəndaşlara “Qeydiyyatsız xidmətlər” bölməsindəki e-xidmətlərdən (“İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru” və “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”) hər hansı autentifikasiya vasitəsi olmadan birbaşa istifadə etmək imkanları yaradılıb.

    Portaldakı “Məktub” bölməsi isə vətəndaşlara heç bir autentifikasiya vasitəsi olmadan birbaşa ƏƏSMN-in fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar nazirliyə onlayn müraciət imkanı verir. Bu bölməyə daxil olan hər bir müraciət mövzusuna uyğun olaraq dərhal aidiyyəti üzrə ƏƏSMN-in Aparatının şöbələrinə, nazirlik yanında xidmətlərə yönəldilir.

    Bununla yanaşı, portalda rəy və təkliflər üçün “Fikrinizi bildirin”, ƏƏSMN-in e-xidmətlərlə bağlı məlumatları ilə tanış olmaq üçün “Xəbərlər”, habelə nazirliyin rəsmi internet saytına və “Elektron Hökumət” portalına keçid etmək üçün müvafiq bölmələr fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi