Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə Xırdalan şəhərində ictimaiyyətə açıq “1001 İş” adlı əmək yarmarkası keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, tədbiri Xırdalan bələdiyyəsi təşkil edib.
“İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri" (M4EG) proqramı çərçivəsində keçirilən yarmarkanın məqsədi Xırdalan şəhərində məşğulluq və dövlət-özəl tərəfdaşlığı imkanlarının artırılmasına dəstək göstərməkdir.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi, Xırdalan Bələdiyyəsi, Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və BMT-nin İnkişaf Proqramı rəsmiləri iştirak edib. Əmək yarmarkasında qonaqpərvərlik, turizm, təhsil, nəşriyyat, qida, alternativ enerji və tikinti sektorunda fəaliyyət göstərən 30 şirkət iştirak edib. Şirkətlər ziyarətçilərə cari vakansiyalar, təcrübə imkanları haqqında məlumat verib və potensial işçilərin seçilməsi üçün bir sıra sessiyalar təşkil ediblər.
“1001 İş” tədbiri dinamik stendləri, interaktiv oyunları və müsabiqələri ilə 1000-dən çox ziyarətçini cəlb edib. İctimai tədbirin hədəf qrupu - karyera qərarı verməyə hazırlaşan, iş axtaran yaxud bilik və bacarıqlarını təkmilləşdirmək üçün yeni təhsil imkanları ilə maraqlanan 14-29 yaşlı yerli gənclər olub.
Mövzu istiqamətinə uyğun olaraq, tədbir Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən həyata keçirilən digər layihə “Gələcək üçün peşə təhsili və təlimi” tərəfindən dəstəklənib. Belə ki, tədbirdə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (DPTM), Turizm və Sosial Xidmətlər üzrə Bakı DPTM, İnformasiya Texnologiyaları və Kommunikasiyalar üzrə Bakı DPTM, Emal Sənayesi üzrə BDPTM, həmçinin Sənaye və İnnovasiyalar BDPTM bir sıra maraqlı master-klasslarla yarmarkaya qoşulub və ziyarətçilərə praktiki olaraq müxtəlif bacarıqları sınaqdan keçirməyə imkan verən fəaliyyətlər təqdim edib. Əlavə olaraq, tədbirdə karyera mütəxəssisləri gənclərə ödənişsiz konsultasiya sessiyaları keçirib, onlara tərcümeyi-hal yazılması, iş müsahibələri və şəbəkələşmə ilə bağlı tövsiyələr verib.