Yuxarı

Vətəndaşlar keçən ay ƏƏSMN-in elektron xidmətlərindən 212 512 dəfə yararlanıb

İş yerinə dair arayış e-xidmətindən 14 018 dəfə istifadə olunub

Bakı. 8 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən istifadə sayı 151 020 ədəd təşkil edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, ƏƏSMN-in "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən 44 581 dəfə, "İş yerinə dair arayış" e-xidmətindən 14 018 dəfə istifadə olunub. Hər üç e-xidmət son bir ayda da əhalinin "Elektron hökumət" portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında ilk yerləri tutub.

"Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti ötən ilin ortalarından ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə əlaqədar əmək münasibətlərinin elektron qaydada rəsmiləşdirilməsi üçün əhalinin istifadəsinə verilib. Bu sistem "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" e-xidmətlərinin də yaranmasını şərtləndirib.

Ümumiyyətlə, vətəndaşlar aprel ayında ƏƏSMN-in bütün elektron xidmətlərindən 212 512 dəfə yararlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi