Prezident İlham Əliyev bu il yanvarın 16-da Ədliyyə Nazirliyinin Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksində yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, saxlama limiti 1300 nəfərlik olan kompleks 2 hissədən ibarətdir. Burada məhkumların gündəlik fəaliyyəti üçün lazım olan şərait yaradılıb. Onların ailələri ilə uzun və qısamüddətli görüşmələri üçün xüsusi görüş otaqları inşa edilib. Müəssisəyə əsasən cənub zonası və bu bölgəyə yaxın olan ərazilərdən olan məhkumlar yerləşdiriləcək ki, bu da onların ailələri ilə görüşünü asanlaşdıracaq.
Penitensiar kompleksdə yaradılan şəraitlə tanış olmaq üçün mediatur çərçivəsində Lənkərana, kompleksin yerləşdiyi ünvana üz tutduq.
Kompleks 24 saat videokameralar vasitəsilə nəzarətdə saxlanılır. Məhkumlar və Penitensiar Xidmətin əməkdaşlarının giriş-çıxışlarına, hərəkətlərinə nəzarət etmək üçün onlar barədə məlumatlar elektron bazaya yerləşdirilib. Ölkədə ilk dəfə Lənkəranda istifadəyə verilmiş penitensiar kompleksdə üztanıma sistemindən istifadə olunur. Bu da digər korpusdan olan məhkum və ya əməkdaşın başqa korpusa daxil olmasının, qeyri-qanuni halların və cinayətlərin baş verməsinin qarşısını alır. Müəssisəyə kənar şəxslər daxil olanda həyəcan siqnalı işə düşür. Burada cəza çəkən şəxslərin məhkəməyə onlayn qoşulması üçün monitor və kameralarla təchiz edilmiş xüsusi otaqlar da var.
Ədliyyə general-mayoru Oqtay Məmmədov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələri, eləcə də Ədliyyə Nazirliyinin strukturu olan Penitensiar Xidmət təkmilləşdirilir: “Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların şəraiti yaxşılaşdırılır. İdarəetmədə innovativ texnologiyalardan istifadə edilir. Bir neçə ay əvvəl Umbakı penitensiar müəssisəsinin fəaliyyətə başlaması, eləcə də Lənkəranda yaradılan yeni cəzaçəkmə müəssisəsi məhkumlara diqqət və qayğının nümunəsidir. Kompleksdə bütün müasir tələblər nəzərə alınıb. Məhkumların asudə vaxtlarını səmərəli keçirmək və islah işlərini aparmaq üçün müvafiq yerlər, idman zalları var".
General əlavə etdi ki, iki hissədən ibarət olan müəssisənin sağ hissəsi cəzaçəkmə müəssisəsi kimi, sol hissənin bir qismi isə istintaq təcridxanası kimi fəaliyyət göstərəcək.
“Müəssisədə rejim korpusları, istehsalat sahəsi, peşə biliklərini artırmaq üçün tədris sahəsi və müəssisəni mühafizə edən tabor üçün yerlər nəzərdə tutulub. Burada çalışan əməkdaşlarımız da diqqətdən kənarda qalmayıb. Onlar üçün 30 mənzillik yaşayış binası tikilərək istifadəyə verilib", - O.Məmmədov vurğuladı.
Kompleksdə müasir avadanlıqla təchiz olunan Tibb-sanitar bölməsi yaradılıb. Bölmədə kardioloq, stomatoloq, fizioterapevt, rentgen, ultrasəs müayinəsi, cərrahiyyə, manipulyasiya, ambulator və stasionar şəraitdə müayinə və müalicə otaqları, laboratoriya, intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur.
Məhkumlar tibb bölməsinə müraciət etdikdə onlara lazımi tibbi yardım göstərilir və dərmanlar verilir. Burada kiçik cərrahi əməliyyatlar da aparılır. Daha ciddi cərrahiyyə əməliyyatlarına ehtiyac yarandıqda məhkumlar Bakıdakı mərkəzləşdirilmiş müalicə mərkəzinə göndərilir. Həmçinin, bölmədə psixoloq ştatları da nəzərdə tutulub.
Müəssisədə keyfiyyətli qidalanmanı təmin etmək üçün müasir avadanlıqla təchiz edilən mətbəx və yeməkxana da yaradılıb. Mətbəxdə bişirilən yeməklər xüsusi avadanlıqla təchiz olunmuş otaqlara daşınır. Daha sonra gündəlik qidalanma cədvəlinə uyğun müəssisənin korpuslarına paylanılır. Burada xüsusi soyuducular da quraşdırılıb.
Cəzaçəkmə müəssisəsində 700 nəfərlik istintaq təcridxanası və məhkəmə zalı, həmçinin vəkillərin və müstəntiqlərin prosessual hərəkətləri həyata keçirməsi üçün bir neçə xüsusi otaqlar yaradılıb. Müəssisədə mühafizəni təmin edən əsgərlər üçün kazarma, təlim otaqları, qarovul binası, kinoloji mərkəz, avtopark da inşa olunub.
Milli Məclisin mediaturda iştirak edən deputatı Zahid Oruc dedi ki, Azərbaycanda məhkumların qidalanması, gündəlik rejimi və onlara münasibət hər zaman aktual məsələ olub: "Mediada bu məsələyə xüsusi yanaşılır. Dövlətin cəza siyasəti humanizmə dayanır. 2017-ci ildə Cinayət Məcəlləsində 300-dən artıq maddə dəyişdirilib. Ötən 10 illər ərzində verilən əfv qərarları müxtəlif şəraitlərdə cinayət törətmiş şəxslərin azadlığa buraxılmasına imkan yaradıb. Bu illər ərzində verilən əfv qərarları çərçivəsində 8 mindən artıq məhkum azadlığa buraxılıb. Həmin insanlar dövlətin humanizmini yüksək qiymətləndirərək təkrar cinayətlərə yol verməyiblər. Biz hər dəfə ombudsmanla bu mövzu barədə müzakirələri dinləyərkən cəzaçəkmə müəssisələrindəki sıxlıq narahatlıq doğuran məsələ kimi qeyd olunurdu. Ölkədə 20 mindən artıq məhkum var. Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən məhbus sayına görə dünyada 56-cı yerdədir. Bu rəqəm yaxşı sayılır".
Sonda onu da qeyd edək ki, dövlətlərin məhbuslarla bağlı siyasəti dünyada həssas mövzulardan sayılır. Hər bir hüquqi dövlətin məhbuslara münasibəti humanist prinsiplərə əsaslanır və bu məsələ daim medianın diqqət mərkəzindədir. Lənkəran penitensiar kompleksinə təşkil olunan mediatur zamanı biz də Azərbaycanda məhkumların müasir standartlara cavab verən müəssisədə cəzalarını hüquqi normalar və beynəlxalq prinsiplər əsasında çəkməsi üçün lazımi şəraitin yaradıldığının şahidi olduq.
Foto: Vüqar Xanlarov