Türkiyədən Azərbaycana gətirilən vətəndaşlar üçün sosial reabilitasiya planı hazırlanıb
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, fevralın 6-da Türkiyənin bir sıra vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkərək ölkəmizə təxliyə edilən Azərbaycan vətəndaşları və onların digər ölkə vətəndaşı olan ailə üzvləri - ümumi olaraq 6 ailənin (ümumilikdə 22 nəfər) müvafiq səhiyyə müəssisələrində tibbi müayinə və müalicə müddəti bitdiyi üçün onlar Agentliyin müvafiq sosial xidmət müəssisəsində reabilitasiyaya cəlb ediliblər.
Müəssisəyə müvəqqəti yerləşdirilmiş hər bir şəxslə bağlı qiymətləndirmə əsasında sosial reabilitasiya planı hazırlanıb və onların sosial re-inteqrasiyası və sosial-reabilitasiyası tədbirləri həyata keçiriləcək.