Yuxarı
    Bağlamaq

    TSEK-lərdə kağız daşıyıcılardan istifadə praktikasına son qoyulur

    Tibbi-sosial ekspertiza sahəsində elektron informasiya sisteminin tətbiqi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub

    Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) respublikada tibbi-sosial ekspertiza sisteminin avtomatlaşdırılması sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin, əlillik müayinələri ilə bağlı göndəriş formalarının elektronlaşdırılması məsələlərinin müzakirəsinə həsr olunan müşavirə keçirilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib.

    Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq bildirib ki, ölkədə əlillik təyinatı prosesinin tam avtomatlaşdırılması, beləliklə, bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təmin olunması məqsədilə ötən il nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi yaradılıb: "ƏƏSMN-nin Kollegiyasının qərarına əsasən, 2014-cü ilin iyul ayının əvvəlindən həmin sistemin pilot olaraq tətbiqinə başlanıb. Yeni sistem əlillik müayinələrinin aparılması ilə əlaqədar müvafiq qurumlar arasında elektron məlumat mübadiləsini təmin edir. Bu islahat tədbiri səhiyyə müəssisələri tərəfindən əlillik vəziyyətlərinin müəyyən olunması üçün göndəriş formalarının (88 nömrəli forma) Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron qaydada göndərilməsini, kağız daşıyıcılardan istifadə praktikasına son qoyulmasını nəzərdə tutur". 

    Nazir həmçinin qeyd edib ki, qeyd olunan sistem vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılıb: "Artıq TSEK-lər tərəfindən bütün əlillik müayinələrinin nəticələri barədə məlumatlar həmin bazaya yerləşdirilib. Bu baza əlillik təyinatı barədə aidiyyəti dövlət orqanı tərəfindən məlumatın artıq kağız arayış formasında deyil, elektron qaydada əldə edilməsinə imkan verir”. 

    S.Müslümov tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarının bu sistemdə işləmək üçün elektron imzalarla təmin olunduqlarını və müvafiq bacarıqlara malik olmaları üçün treninqlərə cəlb edildiklərini bildirib: “Səhiyyə Nazirliyinin 27 noyabr 2014-cü il tarixli əmri ilə TSEK-lərə göndərişlərin elektron registrinin yaradılması ilə bağlı “Tibbi-sosial ekspert komissiyasına göndəriş” və “Uşaqlar üçün Tibbi-sosial ekspert komissiyasına göndəriş” formaları təsdiq olunub. 1 yanvar 2015-ci il tarixindən TSEK-lər tərəfindən yalnız həmin göndəriş formaları qəbul edilir. Bu göndəriş formalarının daha təkmilləşdirilməsi və ümumi elektron informasiya sisteminə interasiyası bizim diqqətimizdə duran məsələlərdən biridir”.

    Müşavirədə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin avtomatlaşdırılması sahəsində qarşıda duran vəzifələr, eləcə də TSEK-lərə ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarınının aidiyyəti qurumları tərəfindən təqdim olunan göndəriş formalarının elektronlaşdırılması məsələləri ətraflı müzakirə olunub. Bu sahədə işlərin təkmilləşdirilməsi üçün nazirliyin müvafiq struktur bölmələrinin rəhbər şəxslərinə tapşırıqlar verilib.

    Qeyd edək ki, müşavirədə ƏƏSMN-nin Tibbi-sosial ekspert komissiyalarının sədrləri, Səhiyyə Nazirliyinin nümayəndələri, müvafiq icra hakimiyyəti orqanlarının tibb xidməti rəisləri və Hərbi həkim komissiyalarının sədrləri iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi