Təşkilat sədri: "Vətən müharibəsində çernobılçıların xəstə doğulmuş övladları könüllü iştirak edib"

Təşkilat sədri: "Vətən müharibəsində çernobılçıların xəstə doğulmuş övladları könüllü iştirak edib" Bu gün Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümüdür
Sosial müdafiə
26 Aprel , 2021 11:31
Təşkilat sədri: Vətən müharibəsində çernobılçıların xəstə doğulmuş övladları könüllü iştirak edib
Mirhəsən Həsənov

“Bildiyimiz kimi, Çernobıl qəzasının ləğvi işlərində minlərlər azərbaycanlı iştirak edib. Çernobıl qəzasının nəticələrinin məxfi saxlanıldığı 4 il ərzində iştirakçıların səhhəti ilə bağlı müayinə və müalicə işləri aparılmayıb. Təbii ki, çernobılçıların səhhətində ciddi fəsadlar yaranmışdı, ona görə də həmin illərdə xeyli çernobılçını itirdik. 1990-cı ildə Azərbaycanda çernobılçıların birbaşa təşəbbüsü ilə Azərbaycan “Çernobıl Əlilləri İttifaqı” təsis edildi. Bu müddətə qədər Azərbaycanda qəzada iştirak edən bir nəfərə belə, səhhətinə dəyən ziyana görə əlillik təyinatı verilməmişdi”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov deyib.

Təşkilat sədri bildirib ki, sonradan 1990-91 və 92-ci illərdə bir sıra qərarların həyata keçirilməsinə nail olunub:

“Lakin o müddət ərzində həyata keçirilən işlər, qəbul olunmuş qanunvericilik aktları çernobılçıların sosial müdafiəsinin qorunması istiqamətində önəmli bir sənədə çevrilməmişdi. Çünki o hüquqlar kifayət qədər məhdudlaşdırılmış səviyyədə idi. Amma 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində biz qanun layihəsi hazırladıq. Ulu öndərin təşəbbüsü ilə 1993-cü il dekabrın 6-da parlamentdə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəızas nəticəsində zərərçəkmiş vətəndaşların sosial müdafiəsi haqqında” qanun layihəsi qəbul edildi. Beləliklə, Çernobıl əlillərinə müvafiq güzəştlərin verilməsi təmin olundu. Orada əlillərin mənzillə, müayinə və müalicə ilə təmin olunması və digər məsələlər öz əksini tapdı”.

M.Həsənov deyib ki, bu gün Çernobıl əlilləri həm pensiya, həm də Prezident təqaüdü alırlar:

“Bir məsələni qeyd edim ki, artıq 2000 nəfərdən çox çernobılçı dünyasını dəyişib. Çenobılçıların səhhətlərindəki problemlər səbəbindən onların xeyli sayda övladı tələf olub və ya vəfat edib. Bəzi uşaqlar da xəstə doğulublar və həmin gənclərin səhhətində də ciddi problemlər mövcuddur. Bir zamanlar atanın Çernobılda çəkdiyi yükü indi onun gənc yaşda övladı da çəkir. Bizim Qarabağ müharibəsində iştirak edən xeyli sayda çernobılçı vətəndaşlarımız var. Eyni zamanda, bizim xeyli şəhidimiz və təkrar əlilliyə məruz qalan çernobılçılarımız olub. 44 günlük Vətən müharibəsində də çernobılçıların xəstə doğulmuş, sağlamlıq imkanlarına görə hərbi xidmətə aparılmayan övladları könüllü olaraq döyüşlərə qatıldılar. Onların arasında yaralılar və şəhid olanı da var”.

Qeyd edək ki, bu gün Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümüdür. 1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında Çernobılda baş verən nüvə qəzası nəhəng humanitar faciə idi. Partlayış Ukrayna, Belarus və Rusiyada müxtəlif dərəcəli çirklənməyə səbəb olan çox sayda radioaktiv materialların atmosferə buraxılmasına səbəb oldu. Bu, yüz minlərlə insanı yüksək səviyyədə radiasiyaya məruz qoyan və təxminən 350 min nəfəri radioaktiv çirklənməyə məruz qalmış ərazilərdən evlərini tərk etməyə məcbur edən ən ciddi nüvə qəzalarından biri idi. 31 nəfər dərhal həyatını itirdi və 4000-27000 arası sayda insan radiasiyaya məruz qalma nəticəsində həlak oldu. Partlayış yerindən yüzlərlə kilometr məsafədə yaşayan bir çox insan fəlakətdən sonra radiasiyadan xəstələndi.

Azərbaycan, bəzi ölkələrlə birlikdə əraziyə 7000-dən çox xilasedici və digər şəxsi heyəti göndərərək qəzanın nəticələrinin azaldılmasında fəal iştirak etmişdir. Azərbaycan qəzadan zərər çəkmiş təqribən 7000 nəfəri müvəqqəti qəbul edib və onları lazımi reabilitasiya və müalicə ilə təmin edib. Azərbaycan çox böyük insan itkiləri ilə üzləşib, hazırda Azərbaycanda təxminən 5000 nəfər Çernobıl qəzasının nəticələrindən əziyyət çəkir. O vaxtdan bu günədək Çernobıl qəzasından təsirlənən təxminən 2000 vətəndaş vəfat edib.

Son xəbərlər

Orphus sistemi