Suraxanı RİH Zığla bağlı videomateriala münasibət bildirdi

Suraxanı RİH Zığla bağlı videomateriala münasibət bildirdi “Youtube”da yayımlanan “Suraxanıda Zığ bağının sakinləri etiraz edirlər” və “Zığda aclıq” başlıqlı videomaterialla bağlı Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən araşdırma aparılıb.
Sosial müdafiə
316
30 Aprel , 2020 11:45
Suraxanı RİH Zığla bağlı videomateriala münasibət bildirdi

“Youtube”da yayımlanan “Suraxanıda Zığ bağının sakinləri etiraz edirlər” və “Zığda aclıq” başlıqlı videomaterialla bağlı Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən araşdırma aparılıb.

RİH-dən “Report”a bildirilib ki, videomaterialda yol, qaz, işıq, ərzaq və sosial yardımla bağlı müsahibə verən sakinlərin, həmçinin əlil Raul Hacıyevin anası Musayeva Antoninanın müraciətləri araşdırılıb:

“Bildiririk ki, göstərilən yaşayış sahəsi elektrik enerjisi, qaz yanacağı və içməli su ilə təmin olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda həmin ərazidə kanalizasiya sisteminin qurulması və yolların abadlaşdırılması işləri nəzərdə tutulub.

Rayon İcra Hakimiyyətinin başçısı və qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri tərəfindən mütəmadi olaraq sakinlərlə ərazilərdə səyyar-görüş qəbullar keçirilib, onları maraqlandıran suallara cavab verilib, qaldırdıqları problemin həlli üçün tədbirlər görülməsindən ötrü aidiyyəti üzrə müraciətlər edilib”.

RİH eyni zamanda bildirib ki, müsahibə verən Musayeva Antonina ailəsi ilə birlikdə “Zığ bağları” adlanan ərazidə yaşayır. Üç övladı var. Ortancıl oğlu 15 yaşlı R.Hacıyev ilyarım bundan əvvəl xəstələnib və hərəkətində məhdudiyyətlər əmələ gəlib:

“Anasının dediyinə görə əlilliyə görə Gürcüstan vətəndaşı kimi həmin ölkədən ayda 220 lari (115 AZN) pensiya alır, xəstə kimi Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsində yerləşən 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatdadır.

20 gün bundan öncə, yəni aprelin 10-da Rayon İcra Hakimiyyətinin nümayəndələri aztəminatlı ailə kimi həmin ailənin yaşadığı evdə olub və onlara ərzaq yardımı ediblər. Həmin vaxt uşağının xəstə olduğunu bilib müalicəsinə köməklik göstərilməsi üçün RİH-in məktubu ilə Səhiyyə Nazirliyinə məktub hazırlanıb, ailənin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsi tərəfindən nəzarətə götürülməsi üçün müvafiq tapşırıqlar verilib. Ailə üzvləri rayon icra hakimiyyətinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.Eyni zamanda qonşuluqda yaşayan aztəminatlı ailələrə də Heydər Əliyev Fondu və RİH tərəfindən ərzaq yardımı göstərilib.

Rayon əhalisinin sosial-məişət problemlərinin həll edilməsi üçün Rayon İcra Hakimiyyəti lazımi tədbirlər həyata keçirir və bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcə.

Əlavə olaraq bildiririk ki, videomaterialda narazılıq edən sakinlərə şəkillərdə göründüyü kimi 10 aprel 2020-ci il tarixdə ərzaq yardımı göstərilib”.

Son xəbərlər

Orphus sistemi