Sumqayıt şəhərində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir təşkil olunub.
“Report” un yerli bürosunun məlumatına görə, Sumqayıt Şəhidlər Xiyabanında keçirilən tədbirdə şəhərin icra başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində 44 günlük zəfər savaşından söhbət açılıb. Şəhidlərin fotolarından ibarət stend nümayiş olunub. Şəhər rəhbərliyi və digər rəsmi şəxslər həmin stendlərə baxış keçiriblər, şəhid ailələri ilə həmsöhbət olublar.
Sonda mərasim iştirakçıları, valideynlər şəhidlərin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər.