“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və beynəlxalq təşkilatların dəstəyi ilə 11 Qadın Resurs Mərkəzi və 3 İcma Mərkəzi yaradılıb. Bir neçə gündən sonra isə Sumqayıtda Qadın Resurs Mərkəzi açılacaq”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyası (YAP) və parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.
O, ölkədə qadın sahibkarlığın inkişafı üçün atılan addımlara toxunub: “Əlbəttə ki, sahibkarlıq fəaliyyəti göstərmək hər kəsdən bilik, təcrübə, əmək və satış bazarında yer tutmaq, rəqabətə dayanıqlı olmağı tələb edir. Bu mənada dövlət hər bir sahibkar, o cümlədən qadın sahibkarlar üçün xüsusi dəstək proqramları həyata keçirir. Yaradılmış şəraitdən maksimum istifadə etmək lazımdır. Ancaq eyni zamanda, qarşıya çıxan çətinlikləri də müəyyən etmək və onların aradan qaldırılması istiqamətində işləri daha da gücləndirməliyik. Bu gün sahibkar qadınlarımız şəhid ailələrinə, qazilər və onların ailələrinə, əlil qadınlara və digər həssas qrupdan olan qadınlara dəstək olurlar. Lakin daha yaxşı olardı ki, bu insanlar özləri inkişaf etsinlər, təlimlərə, kurslara cəlb olunsunlar, öz işlərini qura bilsinlər. Onlar təkcə dövlət yardımı almasınlar, eyni zamanda daimi işlə özlərini təmin edə bilsinlər. Bu çox vacibdir, belə olarsa, həmin insanlar özlərini təsdiq edə biləcəklər, həm də dövlətə də dəstək olacaqlar”.