Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Astara şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlimdə FHN-in Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Astara Sularda Xilasetmə Məntəqəsinin və Cənub Dalğıc Axtarış Qrupunun xilasediciləri iştirak ediblər.
Təlimdə şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər zərərçəkmişləri “xilas edərək” ilkin yardım göstərib, habelə “suda boğulmuş şəxsin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.
Sonda FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən çimərlikdə istirahət edən vətəndaşlara çimərlik mövsümü ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb. Həmçinin, vətəndaşlara mövzuya dair buklet və müxtəlif xarakterli təbliğat materialları paylanılıb.