​Sosial sığorta - sosial risklərlə üzləşdikdə maddi cəhətdən təminatsız qalmamaqdır

​Sosial sığorta - sosial risklərlə üzləşdikdə maddi cəhətdən təminatsız qalmamaqdır Azərbaycanda uğurla aparılan sosial-iqtisadi siyasət hər zaman öz müsbət nəticələrini verib
Sosial müdafiə
8 May , 2015 19:12
​Sosial sığorta - sosial risklərlə üzləşdikdə maddi cəhətdən təminatsız qalmamaqdır

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycanda uğurla aparılan sosial-iqtisadi siyasət hər zaman öz müsbət nəticələrini verib, sosial-iqtisadi tərəqqi davam edib. Bu əsasda respublikamızın müasir standartlara cavab verən, vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən sığorta-pensiya sistemi də inkişaf etməkdədir. Ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirilməsi nəticəsində ölkədə vahid prinsiplər əsasında fəaliyyət göstərən və təyin olunan pensiyaların məbləği sistemə ödənilib və fərdi uçotu aparılan sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi qurulub. 

Çoxsaylı pensiyaçı və sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində DSMF öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əmək haqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əmək haqlarının artımı pensiya artımlarını da şərtləndirir. Ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Çoxsaylı pensiyaçı və sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

Sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası” çərçivəsində müəyyən olunub

Sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası” çərçivəsində müəyyən olunub. Sənəd ökədə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır. Ümumiyətlə, ölkə başçısının müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının uğurlu icrası iqtisadi inkişafın ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsini təmin etməklə yanaşı, müasir çağırışlara cavab verən çevik sosial müdafiə mexanizmlərini formalaşdırmaqdadır.

Bəzi ekspertlər sosial sığorta ilə verginin iqtisadi mahiyyətini ayırmaqda çətinlik çəkirlər

Sığorta sisteminə söykənən sosial müdafiə sistemi ən etibarlı və möhkəm sosial institut kimi formalaşmaqdadır. Son illər ölkəmizdə sığorta sistemi xeyli inkişaf edib və onun çoxsaylı formaları tətbiq olunmaqdadır. Yəni insanlar işləyərkən, əmək qabiliyyətli olduğu dövrdə öz gəlirlərindən müəyyən hissəsini ödəməklə özlərini sosial cəhətdən sığortalayırlar. Çünki ölüm halı baş verdikdə, əmək qabiliyyəti məhdudlaşdıqda, qocaldıqda, əlil olduqda insanların ən etibarlı yardımçısı sığorta ödənişləri olur. Lakin sosial sığorta sistemi ilə verginin qarışıq salındığı vaxtlar da olur. Bununla bağlı Dövlət Sosial Müdafiə Fondunun Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov deyib ki, bəzi ekspertlər sosial sığorta ilə verginin iqtisadi mahiyyətini ayırmaqda çətinlik çəkirlər. Onun sözlərinə görə, sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə fondlaşdırılır: "İşçinin əməyinin dəyəri təkcə əmək haqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür. Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əmək haqqına üstəlik adlandırılır və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir".

Bu mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri barədə bir az tanışlıq kifayətdir

O, həmçinin əlavə edib ki, burada ödənilən məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir: "Təssüf ki, bir sıra hallarda bəzi ekspertlər bunu vergi ilə qarışıq salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar. Halbuki, həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri barədə bir az tanışlıq kifayətdir".

Sosial sığorta haqlarının dərəcəsi barədə danışan şöbə müdiri diqqətə çatdırıb ki, ölkəmizin sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına uyğun əmək haqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əmək haqlarının artımı pensiya artımlarını da şərtləndirir: "Belə olan şəraitdə əmək haqqına üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə, fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olaraq gələcək pensiya təminatına mənfi təsir göstərir".

Fond rəsmilərinin fikrincə, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürən və işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əmək haqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır.

Ekspert Rövşən Ağayev də əlavə edib ki, bir çox hallarda sosial sığortanın mahiyyəti düzgün anlaşılmır: "Bildiyimiz kimi, Beynəlxalq Əmək Təşkilatı 9 sosial risk növü müəyyənləşdirib. Sosial risklərə bəzən sosial sığorta hadisələri də deyirlər. Bura insanın qocalması, xəstələnməsi, qadınların uşaq dünyaya gətirməsi və məzuniyyətə çıxması, eləcə də digər risklər daxildir. Sosial sığorta da sırf bu riskləri sığortalamaq üçündür. Həm işçi özü, həm də işçi ilə əmək müqaviləsi bağlayan işəgötürənlər üzləşə biləcəyi potensial sosial risklərdən insanları sığortalamaq üçün maliyyə fondunun yaradılması məqsədilə işçilərin gəlirlərinin bir hissəsini ehtiyata yığır. Buna da sosial sığorta fondu deyirlər. Azərbaycanda da bu işi həyata keçirən qurum Dövlət Sosial Müdafiə Fondudur".

İnsanlar sosial risklərlə üzləşdikdə maddi cəhətdən təminatsız qalmamaq üçün sosial sığorta etdirməlidir

İnsanların sosial risklərlə üzləşdiklərində maddi cəhətdən təminatsız qalmamaları üçün belə bir fondun lazım olduğunu vurğulayan ekspert deyib ki, sosial sığorta daha çox fərdin öz məqsədlərinə xidmət edir: "Gəlir vergisi isə tamamilə başqadır. Bu, sadəcə dövlətin öz funksiyalarını yerinə yetirməsi üçündür. Bunun üçün də dövlətin öz büdcəsi olmalıdır. Dövlət də təbii ki, bu büdcəni müxtəlif mənbələrdən, yəni vergilərdən formalaşdırır. Bura fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, istehlakçıların ödədiyi akzis vergisi və yaxud da digər vergi növləri daxildir. Odur ki, gəlir vergisinin hədəfi dövlət büdcəsini formalaşdırmaqdır".

Bir daha qeyd etmək lazımdır ki, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Çünki beynəlxalq təcrübə bir daha təsdiq edir ki, pensiya sistemlərinin səmərəliliyi, bu sistemlərin hazırkı cəlbediciliyi və sosial imtiyazlar təqdim etməsi ilə deyil, uzunmüddətli perspektiv üçün maliyyə dayanıqlığına malik olmaları ilə ölçülür.

Samirə Abdullayeva ("Report" İnformasiya Agentliyinin müxbiri)

Yazı DSMF-nin “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir

Son xəbərlər

Orphus sistemi