Bakı. 10 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu son bir ayda daha 634 nəfər əcnəbiyə fərdi şəxsi hesab açıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sistemdə qeydiyyatda olan xarici vətəndaşların sayı 30 628 nəfərə çatıb. Onlardan 26 972 nəfəri (88.1 faiz) kişilərdən, 3 656 nəfəri (11.9 faiz) qadınlardan ibarətdir.
Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər. Onların arasında Тürkiyə (14 428 nəfər), Gürcüstan (3 132 nəfər) Rusiya (1 803) vətəndaşları daha çoxdur.
Sistemdə qeydiyyatda olan əcnəbilərin sayına görə sonrakı yerlər Hindistan (1 285), İran (1 016), Çin (891), Banqladeş (695), Böyük Britaniya (622), Pakistan (579), Ukrayna (509), Filippin (274), ABŞ (270), Almaniya (264), Qazaxıstan (236), Türkmənistan (225), İtaliya (208) və s. ölkələrin vətəndaşlarına aiddir.