Yuxarı

SOCAR Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkünlərə maddi yardımlar edib

Onlara 236,7 tona yaxın ərzaq yardımı aparılıb

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu günlərdə Novruz bayramı münasibəti ilə qaçqın və məcburi köçkünlərə maddi yardımlar edilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” və Yeni İmamqulubəyli qəsəbələrində məskunlaşmış 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılıb.

Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib. SOCAR nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları Novruz bayramı münasibəti ilə təbrik edib, əmin olduqlarını bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan uğurlu daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacaq.

Qəsəbələrin sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər

Qeyd edək ki, hər il dövlət bayramları ərəfəsində SOCAR təmsilçiləri şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları aparırlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi