"Hazırda himayədar ailə modelinin tətbiqi ilə bağlı hazırlıq prosesi gedir və altsistem, demək olar, hazırdır".
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığagötürmə və alternativ qayğı siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov deyib.
Onun sözlərinə görə, potensial himayədar ailələrin müəyyənləşdirilməsi, onlarla müvafiq maarifləndirici görüşlərin keçirilməsi prosesi gedir: “Proseslər yekunlaşdıqdan sonra faktiki olaraq uşaqların himayədar ailənin yanına yerləşdirilməsi təmin ediləcək”.
Şöbə müdiri həmçinin himayədar ailəyə veriləcək müavinətlərin uşağa xərclənib-xərclənməməsi məsələsinə də müvafiq qaydada nəzarət olunacağını diqqətə çatdırıb: “Hər ay sosial işçilər uşaqların durumunu monitorinq edəcək. Həmin uşağın geyiminə, şəxsi əşyalarının olmasına, eləcə də qidalanmasına, yəni fizioloji inkişafına baxacaqlar. Nəsə xoşagəlməz hal olarsa, monitorinqlər intensivləşir. Hətta sonda uşağın ailədən alınması halları da ola bilər. Təbii ki, ailədən hər hansı qəbz istənilmir”.
Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin iyul ayında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanunvericiliyə himayədar ailə məsələsi də əlavə edilib.