Şirvanda yeni “Gənclər evi” istifadəyə verilib - FOTO

Şirvanda yeni “Gənclər evi” istifadəyə verilib - FOTO Qonaqlar yeni binada yaradılan şəraitlə yaxından tanış olublar
Sosial müdafiə
6 İyul , 2017 15:06
Şirvanda yeni “Gənclər evi” istifadəyə verilib - FOTO

Şirvan. 6 iyul. REPORT.AZ/ Şirvanda “Gənclər evi” istifadəyə verilib. “Report”un Aran bürosu xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev və digər rəsmilər iştirak ediblər.

Şirvan şəhərindəki “Gənclər evi” Azərbaycan Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib.

Tikinti üçün Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 0,3 hektar torpaq sahəsi ayrılıb.

Üçmərtəbəli binanın zirzəmisində gənclər klubu, masaüstü oyunları, bilyard, fitnes və stolüstü tennis zalları və anbar yerləşir.

Birinci mərtəbədəfoye, qarderob, məlumat guşəsi (reception), Şəhər Gənclər və İdman İdarəsi üçün iş otaqları, fiziki imkanları məhdud gənclər üçün ünsiyyət klubu, internet klub, gənclərin intellektual klubu, yaşayış otağı (5 otaq 10 çarpayılıq), xidməti təsərrüfat otağı, mətbəx, ikinci mərtəbədə kompüter qrafikası dərnəyi, rəsm studiyası, texnika və ixtiraçılıq klubu, gənc iqtisadçılar klubu, psixososial reabilitasiya xidməti, ekologiya dərnəyi, kitabxana, karyera mərkəzi, peşə yönümü mərkəzi, vətənpərvərlik klubu, sərgi zalı, xarici dillər klubu, video studiya, ölkəşünaslıq dərnəyi, toxuculuq və tikiş dərnəyi, İstedadların hazırlığı laboratoriyası, iş otaqları,üçüncü mərtəbədə108 nəfərlik akt zalı, hazırlıq otağı, kiçik toplantı zalı (dəyirmi masa zalı), açıq terrasa, kafe, mətbəx inşa olunub.

Ərazidə, həmçinin, yeraltı su anbarı, qazanxana, nasosxana inşa edilib, müasir soyutma, istilik, ventilyasiya, işıqlandırma, yanğın siqnalizasiya sistemləri quraşdırılıb, bina daimi su, qaz, işıq, rabitə, internet xətləri ilə, müasir mebel və avadanlıqla təchiz olunub.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov rayonun gənclərini əlamətdar hadisə münasibətilə təbrik edərək deyib: “Şirvan şəhəri də daxil olmaqla, bu gün ölkəmizdə 39 “Gənclər evi” fəaliyyət göstərir. Qarşıdakı müddətdə daha 4 Gənclər evi”nin istifadəyə verilməsi nəzərdə tutulub. Əminəm ki, gənclərin bir araya gəlməsi, onların müxtəlif layihə və ideyaları həyata keçirməsində “Gənclər evi”nin müstəsna xidmətləri olacaq.”

Qonaqlar yeni binada yaradılan şəraitlə yaxından tanış olublar.

Son xəbərlər

Orphus sistemi