Quba və Qusar rayonlarında şəhid ailələri və müharibə veteranları üçün özünüməşğulluq proqramı üzrə yaradılan kiçik təsərrüfatlara baxış olub.
"Report"un Şimal bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Quba və Qusar rayonlarına təşkil etdiyi mediaturda şəhid ailələri və müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik təsərrüfatlar haqqında jurnalistlərə ətraflı məlumat verilib.
Təşkilatçılar 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailə üzvlərinin, həmçinin müharibə veteranlarının sosial dəstəklə təminatı tədbirləri haqqında jurnalistləri məlumatlandırıblar.
Bildirilib ki, bu tədbirlər çərçivəsində postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 23,7 min şəxsin məşğulluğu təmin edilib, onlardan 11,8 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Həmin kateqoriyalara aid 1000-dək şəxs isə peşə hazırlığı kurslarına cəlb edilib.
Media nümayəndələri daha sonra Vətən müharibəsi veteranı Mirsəlim Məmmədovun xidmət sahəsində olublar. O, özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlarla təmin olunaraq kiçik dərzi sexi yaradıb.
Jurnalistlər Vətən müharibəsi şəhidi Murad İskəndərovun atası Əliağa İskəndərov və müharibə veteranı Rəcbər İsrafilov üçün yaradılmış kiçik təsərrüfatlarla da tanış olublar. Özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin edilən Ə.İskəndərov aqroturizm, R.İsrafilov isə dönərxana istiqaməti üzrə öz kiçik bizneslərini qurublar.
Proqram iştirakçıları dövlətin dəstəyini hər zaman hiss etdiklərini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.