Yuxarı

Səyyar “ASAN xidmət”in fevral ayında xidmət göstərəcəyi rayonların adları açıqlanıb

Xidmətləri üç nazirlik və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir

Bakı. 31 yanvar. REPORT.AZ/ Səyyar “ASAN xidmət” fevralın 1-dən 15-dək Cəlilabad, Göygöl, Hacıqabul, Oğuz şəhərlərində, fevralın 1-dən 10-dək Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində, fevralın 1-dən 20-dək Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, fevralın 1-dən martın 1-dək Mingəçevir və Quba şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bu barədə "Report"a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. 

Bundan başqa, Səyyar “ASAN qatar” fevralın 1-dən etibarən 15 gün müddətində Qazax şəhərində vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, "Səyyar ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi